Qafqaz Xalqları Konqresinin prezidenti: “Rus tarixşünaslığı çeçenlərə və digər xalqlara qarşı soyqırımı və deportasiya faktlarına toxunmurlar”

Qafqaz Xalqları Konqresinin prezidenti: “Rus tarixşünaslığı çeçenlərə və digər xalqlara qarşı soyqırımı və deportasiya faktlarına toxunmurlar”
# 30 yanvar 2014 13:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın İctimai Palatasında Şimali Qafqazın fəthinin 150 illiyinə həsr edilmiş tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Elmlər Akademiyasının müxtəlif institutlarının və Qafqaz xalqlarının maraqlarını müdafiə edən təşkilatların nümayəndələrinin təşkil etdiyi tədbirdə mübahisələr yaşanıb.

“Fəth, yoxsa işğal”, “Qafqaza rusların gəlməsi” mövzuları ilə bağlı ziddiyyətli fikirlər səsləndirilib.

Qafqaz Xalqları Konqresinin prezidenti Aslanbek Paskaçev çıxışında Qafqaz canişini Yermolova Qafqazda abidə ucaltmaq istəyənlərə etiraz edib: ““Mən son çeçeni qıranadək vuruşacağam” deyən Qafqaz canişini Yermolova Qafqazda abidə ucaltmaq istəyən rus siyasətçisi məgər biz çeçenləri bu təklifi ilə qıcıqlandırmırmı? Qoy, ona doğulduğu kənddə, ya da Moskvada abidə ucaltsınlar, ancaq qırdığı xalqların yaşadığı yerlərdə yox! Holokostu hər kəs qəbul edirsə, nə səbəbə rus tarixşünaslığı çeçenlərə və digər xalqlara qarşı çar, sonra isə sovet qoşunlarının soyqırımı və deportasiya faktlarına toxunmur? Rus tarixi yazır ki, ruslar Qafqaza gəldilər ki, orda qayda-qanun yaratsınlar. Bu, belə deyil. Bu, nə qərəzdir?! Bu, obyektiv münasibət deyil. Tarixçilər Rusiyanın bir xalqını ucaltmaqla, digərini aşağılamamalıdırlar”.

Şimali Qafqaz xalqlarının maraqlarını müdafiə edən ictimaiyyətçilər rus tarixşünaslığında Qafqaz hadisələrinin obyektiv yazılmadığını bildiriblər. Onlar həmçinin Qafqazla Rusiyanın ruslar yaşayan həmsərhəd regionlarında birmənalı qəhrəman sayılmayan insanlara abidə ucaldılmasına da narazılıq ediblər: “Əgər rus əsilli bir zabit Qafqazda qan tökübsə, onun adına Qafqaz regionunda toponim olmamalıdır. Bundan əlavə, rus tarixşünaslığı Qafqazı vəhşi tayfaların və qəbilələrin yaşadığı region kimi təbliğ etməməlidir”.

Qaraçay diasporunun nümayəndəsi Aliy Totorkulov da rus tarixçilərini tənqid edib: “Rus tarixi deyir ki, guya qafqazlılar XIX əsrdə vəhşi qəbilələrdən ibarət olub. Əslində, rusların Qafqaza gəlişinə qədər bizim dədə-babalarımızın mədrəsə təhsili vardı. Halbuki o zaman yalnız rus zadəganları ali və ruhani təhsilli idi. Odur ki, rus tarixşünaslığını əsassız ittihamlardan daşınmağa çağırırıq”.

Qeyd edək ki, bir müddət əvvəl Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Qafqazda əhalinin artımını təhlükə adlandıraraq, hökuməti Qafqazda hər ailədə bir nəfərdən artıq uşaq doğulmasına qadağa qoymağa çağırmışdı. Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkaçenko isə regiondan qafqazlıları sıxışdırıb çıxaracağını söyləmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR