Bu ilin əvvəlindən Azərbaycanda 43 nəfərə “Əmək veteranı” adı verilib

Bu ilin əvvəlindən Azərbaycanda 43 nəfərə “Əmək veteranı” adı verilib
# 02 iyul 2014 12:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 43 nəfərə «Əmək veteranı» adı və vəsiqəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 8 nəfəri qadındır. Ümumilikdə son 5 ildə və bu ilin ilk yarısı da daxil olmaqla ƏƏSMN tərəfindən əmək veteranı adı və vəsiqəsi verilənlərin sayı 400 nəfərə yaxın olub.

Nazirlər Kabinetinin «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, “Əmək veteranı” adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir.

“Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası və bunun üçün tələb olunan sənədlərin siyahısı nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündə təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR