ABŞ-ın Kolorado ştatının Senatında Azərbaycan haqqında təqdimat keçirilib

ABŞ-ın Kolorado ştatının Senatında Azərbaycan haqqında təqdimat keçirilib
# 17 yanvar 2014 08:36 (UTC +04:00)

Bakı – APA. Yanvarın 15-də ABŞ-ın Kolorado ştatının ali qanunverici orqanı olan Senatın plenar iclasında Azərbaycana dair təqdimat keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, təqdimatda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib. Senatorlar Kevin Qrentam, Lerri Krauder və Kent Lambert çıxış edərək Azərbaycanın tarixi, regionda oynadığı önəmli rol, enerji sənayesinin inkişafı, ətraf mühitə göstərdiyi diqqət və ABŞ-la sıx tərəfdaşlıq münasibətləri barədə danışıblar.

Senator Lambert çıxışında Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının ən fəal üzvlərindən biri olduğunu və ABŞ ilə müdafiə sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayaraq ölkənin Kosovo, İraq və Әfqanıstanda aparılan əməliyyatlara böyük töhfələr verdiyini deyib. O, Azərbaycanın regionda sülhün qorunmasında açar rolu oynadığını söyləyib. Sabiq ABŞ senatoru Riçard Luqara istinad edən Lambert bildirib ki, Azərbaycan ABŞ-ın Xəzər regionundakı ən mühüm müttəfiqlərindən biridir.

Senator K. Qrentam Azərbaycanın çox unikal tarixə malik olduğunu, Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk parlament respublikasını yaratdığını, öz vətəndaşlarına cinsindən, irqindən, etnik kimliyindən asılı olmayaraq bərabər hüquqlar verdiyini, hətta qadınların səsvermə hüququnu ABŞ-dan öncə tanıdığını xatırladıb. Azərbaycanda çoxəsrlik tarixə malik yəhudi icmasının yaşadığını nəzərə çatdıran senator Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu ifadə edib. Azərbaycanın ABŞ-ın həm də mühüm ticarət tərəfdaşı olduğunu qeyd edən senator Azərbaycanın ABŞ-da fəaliyyət göstərən şirkətlərlə çoxmilyardlı kontraktlar bağlayaraq, Amerikada minlərlə yeni iş yerinin açılmasına töhfə verdiyini bildirib.

Senator L. Krauder isə Azərbaycanın inkişaf etmiş enerji sənayesinə malik olduğunu diqqətə çatdırıb, ölkədə alternativ enerji sənayesinin inkişafı sahəsində aparılan işlərdən söhbət açıb və ətraf mühitə məsuliyyətlə yanaşan Azərbaycanın mütərəqqi dövlət olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR