2013-cü ildə Azərbaycanda 24 hiss olunan zəlzələ baş verib

2013-cü ildə Azərbaycanda 24 hiss olunan zəlzələ baş verib
# 25 yanvar 2014 16:34 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxışlar” mövzusunda respublika seminarı keçirilib.

APA-nın məlumatına görə, AMEA-nın Yer Elmləri və Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin birgə təşkilatçılığı ilə baş tutan seminarda AMEA Riyaziyyat və Mexanika İnstitutunun professoru Misir Mərdanov “Optimal idarəetmənin riyazi üsulları”, AMEA-nın müxbir üzvü, Geologiya İnstitutunun Tektonofizika və Geomexanika Şöbəsinin müdiri Hətəm Quliyev “Yer tipli planetlərdə mühit sıxlığının qanunauyğunluqlarının ümumi elmi əsasları”, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli “Azərbaycan ərazisinin 2013-cü ildə seysmik xüsusiyyətləri haqqında”, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev isə “Yer planetinə komet, asteroid və meteroit təhlükəsi” mövzusunda məruzə edib.

Müxtəlif sahələrdə çalışan alimlərin fikir və təkliflərinin öyrənilməsi, səylərinin birləşdirilməsi məqsədilə keçirilən tədbirdə Yer daxilində gedən proseslər, zəlzələ ocaqları, vulkanlar, onların yaranma səbəbləri, bu sahədə aparılan tədqiqatlar, zəlzələ ölçmə cihazlarının funksiyaları, kosmosda gedən proseslər, komet, asteroid və meteroit təhlükəsi barədə müzakirələr aparılıb.

Məlumat verilib ki, 2013-cü ildə Azərbaycanda 24 hiss olunan zəlzələ baş verib ki, onlardan 6-sı Şamaxıda baş verib. Ölkədə 35 seysmoloji stansiya mövcuddur. Zəlzələ ocaqları yerin 18-20 kilometr dərinliyində baş verib. Ötən ilin dekabrında 100-dən çox yeraltı təkan olub. Zəlzələlər Qobustanda baş verən vulkanların tədricən oyanmasına səbəb olur. Şamaxının Muğanlı qəsəbəsində torpaq sürüşmələrinin aktivləşməsinə bölgədəki yeraltı təkanların da çox böyük təsiri var.

Qeyd edək ki, müxtəlif elm xadimlərinin iştirakı ilə ölkənin digər regionlarında təbiətlə bağlı fundamental problemlərə həsr edilən tədbirlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR