Azərbaycanda internet xidmətinin təşkili üçün İdarəetmə Sistemi yaradılacaq

Azərbaycanda internet xidmətinin təşkili üçün İdarəetmə Sistemi yaradılacaq
# 22 oktyabr 2013 13:26 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, nazirlik tərəfindən hazırlanan və bu gün ictimai müzakirəyə təqdim edilən “İdarəetmə Sistemi vasitəsilə genişzolaqlı internet xidmətinin təşkili və daşınması Qaydaları”nda əksini tapıb.

“İdarəetmə Sistemi vasitəsilə genişzolaqlı internet xidmətinin təşkili və daşınması Qaydaları” qəbul edildikdən sonra Azərbaycanda internet xidmətinin təşkilində bir sıra yeniliklər həyata keçiriləcək. İdarəetmə Sisteminin operatoru İdarəetmə Sisteminin yaradılması və dayanıqlı fəaliyyətini təşkil edəcək, sərbəst və rahat şəkildə istənilən təchizatçının genişzolaqlı internet xidmətinə qoşulmasını, təchizatçının dəyişdirilməsi və genişzolaqlı internet xidməti ilə bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün müraciətçilərin və abunəçilərin İdarəetmə Sisteminə müraciətini təmin edən elektron xidmətin yaradılmasını və “Elektron hökumət” portalına inteqrasiyasını təmin edəcək. İdarəetmə Sistemi isə operatorların və təchizatçıların İdarəetmə Sisteminə qoşulması üçün texniki imkanların yaradılması, müraciətlərin emalı nəticəsində texniki sifarişlərin avtomatlaşdırılmış şəkildə formalaşması və təyinatı üzrə göndərilməsi, texniki sifarişlərin icrasına nəzarət olunması, təhlükəsiz şəraitdə məlumat mübadiləsinin aparılması, aparılan əməliyyatların qeydə alınması (loqlaşdırılması), saxlanılması və arxivləşdirilməsi, fərdi məlumatların mühafizəsinin texniki-texnoloji vasitələrlə təşkili, şəxsiyyəti müəyyənləşdirən (identikləşdirən) texnologiyaları, sistemin fasiləsiz və dayanıqlı işinin və ehtiyatlandırılmanın (back-up) təmini imkanlarına malik olacaq. Genişzolaqlı internet xidmətinin təşkili üçün zəruri olan digər texnoloji vasitələrə də malik olacaq İdarəetmə Sisteminin operatoru İdarəetmə Sistemində planlı profilaktika işlərinin aparılmasından 3 gün əvvəl, təcili işlərin görülməsi zərurəti zamanı isə dərhal (30 dəqiqə ərzində) bu barədə operatorları və təchizatçıları məlumatlandıracaq.

Məlumatların bilavasitə İdarəetmə Sisteminə elektron şəkildə daxil edilməsi, dəyişdirilməsi və ya çıxarılması yalnız operatorun və (və ya) təchizatçının məsul şəxsi tərəfindən şəxsiyyəti müəyyənləşdirən (identikləşdirən) texnoloji vasitələrdən istifadə etməklə həyata keçiriləcək. Təchizatçılar onlara məxsus internet informasiya ehtiyatlarında (saytlarında) genişzolaqlı internet xidmətinin təşkili üçün elektron xidməti yerləşdirməlidirlər. Abunəçinin və (və ya) müraciətçinin internet şəbəkəsi üzərindən təchizatçının xidmətinə qoşulması, genişzolaqlı internet xidmətinin daşınması və xidmətlə bağlı digər hərəkətlər İdarəetmə Sisteminə müraciəti təmin edən elektron xidmət vasitəsilə həyata keçiriləcək. Müraciətçi elektron xidmətə daxil olduqda, daxilolma rekvizitlərinə əsasən müraciətçinin telefon nömrəsi təyin ediləcək və telefon nömrəsinə uyğun olaraq boş işlək portu olan, internet xidməti təklif edən təchizatçılar İdarəetmə Sistemi tərəfindən müəyyənləşdirilib müraciətçiyə təqdim ediləcək. Müraciətçi bir neçə telefon nömrəsinə malik olduğu halda, onların hər birinə uyğun internet xidmətini göstərən təchizatçıların siyahısı təqdim olunacaq. Müraciətçi seçilmiş təchizatçının müqavilə şərtləri və tarifləri ilə tanış olduqdan sonra onları qəbul etdiyi halda təsdiqləyəcək və müvafiq internet xidmətinin sürətini seçəcək. Bunların əsasında İdarəetmə Sistemi tərəfindən xidmət haqqı formalaşdırılacaq və onun onlayn ödənilməsi imkanı təqdim ediləcək. Xidmət haqqı ödənildikdən sonra İdarəetmə Sistemi operatora texniki sifariş göndərəcək və onun əsasında operator 4 iş saatı ərzində onu icra edib, bu barədə qeydləri İdarəetmə Sisteminin müvafiq bölməsinə daxil edəcək. İdarəetmə Sistemi operatorun qeydləri əsasında aidiyyəti təchizatçıya texniki sifariş formalaşdırıb göndərəcək və ona müvafiq olaraq təchizatçı 1 (bir) iş saatı ərzində müraciətçinin internet xidmətindən istifadəsi üçün qoşulmanı təmin edəcək. Abunəçi internet xidmətinin sürətinin dəyişdirilməsi üçün müraciət etdikdə, İdarəetmə Sistemi müvafiq texniki sifariş formalaşdırmalı və aidiyyəti təchizatçıya göndərməlidir. Təchizatçı 1 iş saatı ərzində internet xidmətin sürətinin dəyişdirilməsini təmin etməlidir.

Operator texniki sifarişi qəbul etdikdən sonra 4 iş saatı ərzində abunəçinin telefon xəttini təchizatçının şəbəkə avadanlığından ayırmalı və İdarəetmə Sistemində icra barədə qeydlər aparmalıdır. Təchizatçı texniki sifarişi qəbul etdikdən sonra 1 iş saatı ərzində müvafiq porta xidməti dayandırmalıdır və icra barədə qeydləri İdarəetmə Sisteminə daxil etməlidir. Abunəçi tərəfindən imtina müraciəti verildikdən və İdarəetmə Sistemi tərəfindən bu barədə müvafiq texniki tapşırıqlar operator və təchizatçıya göndərildiyi andan abunəçi və təchizatçı arasında internet xidmətinə dair bağlanılmış müqavilə qüvvədən düşmüş hesab ediləcək. Xidmətdən istifadədən imtina barədə müraciət zamanı abunəçinin təchizatçıya xidmət haqqı üzrə borcunun olub-olmaması yoxlanılır və bu məqsədlə İdarəetmə Sistemi tərəfindən təchizatçıya avtomatik sorğu göndəriləcək. Əgər abunəçinin borcu yoxdursa, texniki sifariş birbaşa, əgər varsa, yalnız borc abunəçi tərəfindən tam ödənildikdən sonra formalaşdırılır və bu barədə abunəçiyə məlumat verilməlidir. Abunəçi və ya müraciətçi internet xidmətinin təşkili və göstərilən xidmətin keyfiyyəti ilə bağlı rəy, şikayət və təkliflərini İdarəetmə Sisteminin operatoruna göndərə biləcək. Operatorlar və təchizatçılar aralarında yaranan hər hansı mübahisənin həlli üçün İdarəetmə Sisteminin operatoruna müraciət edə bilərlər. İdarəetmə Sisteminin operatorunun mübahisəyə dair qərarından narazı qalan operator və ya təchizatçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR