Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilib

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilib
# 07 dekabr 2013 01:15 (UTC +04:00)

Bakı-APA. Dekabrın 6-da Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilib. Azərbaycanın Xorvatiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, iclasda cəmiyyətin sədri, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev, ictimai xadimlər, jurnalistlər daxil olmaqla, cəmiyyətin 30-dən artıq üzvü iştirak edib.

Tədbirdə çıxış edən Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin il ərzində gördüyü işlər və əldə olunmuş nəticələr haqqında tədbir iştirakçılarına məlumat verib.

Səfir K.Xasiyev isə çıxışı zamanı Xorvatiya ilə Azərbaycan arasında əlaqələrin son zamanlar surətlə inkişaf etdiyini bildirib. Xüsusi ilə qarşılıqlı səfər və ikitərəfli təmasların rolunu önə çəkən diplomat prezident İlham Əliyevin Xorvatiyaya bu ilin 10-12 mart tarixlərində etdiyi səfərin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini qeyd edib.

Səfir Azərbaycanın zəngin tarixi və mədəniyyətindən də söz açıb. Gənc dövlətlər kimi Xorvatiya ilə Azərbaycan arasında oxşar məqamların çox olduğunu deyən K.Xasiyev bunun ölkələrimiz arasında daha da sıx münasibətlərin qurulması uçun möhkəm zəmin olduğunu vurğulayıb.

Tədbirdə həmçinin Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin yeni üzvü, “Mən Azərbaycan haqqında nə bilirəm?” yarışmasının qalibi xanım İnes Beniç çıxış edib. O, Azərbaycana səfəri və təəssüratları barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinə yeni üzvlərin qəbulu və vəsiqələrin paylanması ilə davam edib.

Daha sonra iştirakçılar Azərbaycan haqqında çəkilmiş qısametrajlı filmi seyr edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR