ARDNŞ-in Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin yeni hovuzunun açılışı olub - FOTOSESSİYA

ARDNŞ-in Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin yeni hovuzunun açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 10 dekabr 2013 12:07 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər rəsmi şəxslər, habelə şirkət rəhbərliyinin nümayəndələri dəniz neftçilərinin həyatının xilas edilməsi məqsədilə məşqlərin keçirilməsi üçün nəzərdə tutulmuş hovuzun açılış mərasimində iştirak ediblər.

Təlim, tədris və sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi üçün inşa edilmiş hovuzun uzunluğu 50 metr, eni 21 metr, tutumu 3 000 kubmetr, dərinliyi isə 1,8 metrdən 4 metrə qədərdir. Hovuz su üzrə müasir təmizləyici, suyun isidilməsi və dalğa yaradan simulyativ sistemlərlə təchiz edilib. Burada 16 nəfərlik tanker tipli qravitasiya qayığı, «Vikinq» tipli endirilən və atılan sallar, eləcə də «PSN-6» tipli aviasiya salı quraşdırılıb.

Hovuzda həmçinin, təlim-məşqlər zamanı insanların su üzərindən qaldırılmasını təmin etmək üçün vertolyot bucurqadı, vertolyotun qəzaya uğrayaraq suya düşməsi zamanı insanların xilas edilməsi üsullarını məşq etmək üçün simulyativ vertolyot trenajoru, tramplinlər, elektrik mühərriki və avarlarla təchiz edilmiş rezin qayıq quraşdırılıb.

Hovuzun açılış mərasimində müasir trenajorlardan və avadanlıqlardan istifadə etməklə fövqəladə hallar zamanı insanların xilas edilməsinin bəzi epizodları əyani şəkildə nümayiş etdirilib. Qeyd edilib ki, Təlim Mərkəzində əsasən fövqəladə hallar zamanı davranış qaydaları, xilasetmə vasitələrindən düzgün istifadə etmək vərdişləri, neftçilərə və dənizçilərə zədə almadan suya düzgün tullanma qaydaları öyrədilir. Dəniz neftçilərinin iş yerlərinə əsasən vertolyotlar vasitəsilə çatdırıldığı nəzərə alınaraq, uçuş zamanı baş verə biləcək qəza halları zamanı insanların vertolyotun suya düşməsinə və dəniz səthinə çıxmağa hazırlıq məsələsi Şirkətdə daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Təlim Mərkəzində insanların suya batmış vertolyotun kabinasını tərk edərək su üzərinə qalxmaları üzrə məşqlərin keçirilməsi üçün vertolyot trenajoru quraşdırılıb. Tədbirdə həmin trenajorda məşqlərin, eləcə də sualtı qaynağın həyata keçirilməsi epizodları nümayiş etdirilib.

Qeyd edək ki, Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi müxtəlif vaxtlarda, müxtəlif qurumların tərkibində fəaliyyət göstərib. ARDNŞ-in Təlim, tədris və sertifikatlaşdırma İdarəsinin nəzdində isə 2011-ci ildən fəaliyyətə başlayıb. Ötən il Mərkəzdə 8 150 nəfər təlim və məşq keçib. Hər bir dinləyici Dövlət Dəniz Administrasiyası tərəfindən Beynəlxalq Dəniz Təşkilatının tanıdığı beynəlxalq sertifikatlarla təmin olunub. Mərkəzin sualtı qaynaq işlərinin aparılması üçün xüsusi texnika ilə təchiz edilməsi yaxın gələcəkdə qaynaqçıların və qaynağın keyfiyyətini yoxlayanların daha da səmərəli hazırlanması üçün imkanları daha da genişləndirməyə şərait yaradacaq. Bu istiqamətdə Kembric Universiteti ilə əməkdaşlıq qurulması nəzərdə tutulur.

R.Abdullayev bildirib ki, hər il bu təlim mərkəzində neft-qaz təhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində yalnız ARDNŞ-in 12 mindən çox əməkdaşı təlim keçəcək. Onun sözlərinə görə, «BP-Azerbaijan» şirkəti ilə bağlanılmış müqaviləyə görə, burada bu şirkətin də 1200-1300 nəfər neft-qaz əməliyyatlarını həyata keçirən və dənizdə xilasediciləri də təlim keçəcək: «Digər neft şirkətlərinin əməliyyat işçilərinin və Fövqəladə Hallar Nazirliyinin dənizdə və quruda xilasedicilərini də nəzərə alsaq, hər il burada 20 min nəfərə təhlükəsizliklə bağlı təlim keçməyə imkan verəcək. Bu bizə gələcəkdə istehsalatda təhlükəsizliyinin qorunmasını təmin edəcək».

R.Abdullayev vurğulayıb ki, artıq Qazaxıstanın «Kazmunayqaz» şirkəti ilə də danışıqlar aparılır. Gələcəkdə bu şirkətin də əməliyyat işçiləri üçün ARDNŞ-in Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin yeni hovuzunda təlim keçməyə imkan yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR