ABŞ Nümayəndələr Palatası İranın BMT-dəki yeni səfirinin ölkəyə buraxılmaması barədə qanun qəbul edib

ABŞ Nümayəndələr Palatası İranın BMT-dəki yeni səfirinin ölkəyə buraxılmaması barədə qanun qəbul edib
# 11 aprel 2014 11:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Nümayəndələr Palatası aprelin 10-da İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbəri Həmid Əbutalıbinin ölkə ərazisinə buraxılmasının qarşısının alınması barədə qanun layihəsini yekdilliklə qəbul edib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, aprelin 7-də ABŞ Senatı tərəfindən təsdiqlənmiş sənəd qüvvəyə minməsi üçün ölkə prezidenti tərəfindən imzalanmalıdır.

Qanun layihəsinin müəllifi Texas ştatının senatoru Ted Kruzdur. Sənədə əsasən, terrorçuluq, adam oğurluğu və casusluq fəaliyyəti ilə məşğul olmuş şəxslər ABŞ-ın milli təhlükəsizliyinə təhdid təşkil edir və onların bu ölkənin ərazisinə daxil olması qadağan olunmalıdır. Artıq ABŞ Konqresi qanunun təsdiqlənməsi üçün Prezident Administrasiyasına təqdim edib.

Qeyd edək ki, H.Əbutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H.Əbutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının bir üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin tutulması və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ötən gün ABŞ Dövlət Departamenti İranın BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbər təyinatından ciddi narahat olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, İranın seçimi xeyli problem yaradacaq: “Biz bu məsələni diqqətlə nəzərdən keçiririk və mümkün seçimdən çox narahatıq”. O, həmçinin H.Əbutalibiyə viza verilib-verilməməsi məsələsinə də aydınlıq gətirib: “BMT-nin ofisi Nyu-Yorkda yerləşdiyindən, ABŞ-ı dövlətlərin nümayəndələrini qəbul etməyə məcbur edir”.

Ancaq bununla belə, H.Əbutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR