Azərbaycanda pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə gücləndirilir

Azərbaycanda pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə gücləndirilir
# 27 sentyabr 2013 13:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankında pul nişanlarının və qiymətli kağızların ekspertizası işinin beynəlxalq standartlaşdırılması layihəsi çərçivəsində pul nişanlarının istehsal texnologiyaları və ekspertizası sahəsində dünyanın aparıcı şirkəti olan “Secure Monde International” (Böyük Britaniya) şirkəti tərəfindən seminar keçirilib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, seminarda çıxış edən Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirib ki, ölkə iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı və dayanıqlı makroiqtisadi sabitlik şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb: “Belə şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə müvafiq institusional infrastrukturların yaradılması və inkişafını, bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir”.

A.Vəliyev bu məqsədlə Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha effektiv idarə edilməsi istiqamətində pul nişanlarının ekspertizası işinin beynəlxalq standartlaşdırılması və müasir dünya təcrübəsinə uyğun ekspertiza işinin institutlaşması layihəsinə start verilib: “Layihə çərçivəsində pul nişanlarının və qiymətli kağızların ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə müasir texnoloji sistemlərin alınması və tətbiqi, müvafiq kadr potensialının yaradılması nəzərdə tutulur”.

Tədbirdə Mərkəzi Bankın və onun Regional Mərkəzlərinin, eləcə də kommersiya banklarının və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR