Hacı Mövsüm Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər MSK-ya təqdim olunub

Hacı Mövsüm Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər MSK-ya təqdim olunub
# 20 avqust 2013 09:52 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Bu barədə APA-ya AİP sədrinin müavini Hacı Akif Heydərli məlumat verib. O deyib ki, M. Səmədovun namizədliyi Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Uğrunda Hərəkatın təsis etdiyi Ədalətli Seçki Uğrunda Təşəbbüs Qrupu tərəfindən irəli sürüb. O, M. Səmədovun müvafiq sənədlərinin ötən gün MSK-ya təqdim edildiyini də söyləyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti isə təmin olunmayıb.

Qeyd edək ki, Vaqif Abdullayev həbsxanada dünyasını dəyişib.

Xatırladaq ki, adıçəkilən şəxslər 2011-ci ilin yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan onlara Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR