Azərbaycanlı teatr rejissoru İjevskdə keçirilən gənc rejissorların müsabiqəsində qalib olub

Azərbaycanlı teatr rejissoru İjevskdə keçirilən gənc rejissorların müsabiqəsində qalib olub
# 14 noyabr 2013 16:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanlı teatr rejissoru İradə Gözəlova İjevskdə keçirilən gənc rejissorların laboratoriyasında iki mərhələli müsabiqədə qalib olub.

Rejissorun APA-ya verdiyi məlumata görə, “Şekspir kainatı” adlı laboratoriyada final mərhələsinə keçən altı rejissor İjevskdə Şekspirin pyesləri əsasında 6 fərqli tamaşa eskizi hazırlayıb: “Bu laboratoriyaya bütün gənc rejissorlar qatıla bilərdilər. On gün ərzində tamaşanı hazırladıq və deyim ki, bizim yaradıcı prosesimiz nəzarət altında, kamera qarşısında idi. Moskvadan nümayəndələr gəldi, tamaşaçıların iştirakı ilə baxış keçirildi. Teatrın rejissoru mənə dedi ki, biz səninlə birgə çalışmaq istəyirik”.

Rejissor əlavə edib ki, finalda Moskvadan Aleksandr Qnezdilovun “Otello”, Aleksandr Nikolaevin “III Riçard, İjevskdən Andrey Oparinin “Fırtına”, Xarkovdan Roza Sarkisyanın “Hamlet”, Sankt-Peterburqdan Maksim Sokolovun “Romeo və Cülyetta” tamaşaları ilə yanaşı, İradə Gözəlovanın hazırladığı “Şıltaq qızın yumşalması” tamaşa eskizi iştirak edib.

Müsabiqənin şərtlərinə əsasən, İ.Gözəlova bu yaxınlarda İjevskdə U.Şekspirin “Şıltaq qızın yumşalması” əsəri əsasında tamaşa hazırlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR