Mübariz Qurbanlı: “Özəl sektorun fəaliyyətinə diqqət yetirilməlidir”

Mübariz Qurbanlı: “Özəl sektorun fəaliyyətinə diqqət yetirilməlidir”
# 12 noyabr 2013 14:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın hakim partiyası ölkədə həkimlərin və müəllimlərin əmək haqları ilə bağlı tutulan iradlara haqq qazandırıb.

APA-nın məlumatına görə, bunu hakim yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, bu iradlar haqlı olsa da, heç bir ölkədə büdcə bizdəki qədər yüklənmir: “Ona görə də lazımdır ki, burada özəl sektorlara üstünlük verilsin. Ona görə də özəl sektorun fəaliyyətinə diqqət yetirilməlidir”.

Ölkədə İlham Əliyevin rəhbərliyi altında güclü inkişaf getdiyini xatırladan YAP rəsmisi həmçinin ölkədə ixrac və idxal olunan məhsulların nomenklaturası arasında müqayisənin aparılmasının lazım olduğunu bildirib: “Texnoparkların salınması ilə yanaşı, mütləq yüngül sənaye sahələri də inkişaf etdirilməlidir”.

M.Qurbanlı deyib ki, ölkədə xüsusi emal müəssisələri yaradılır, amma bu müəssisələrin gəlir əldə etmək imkanları zəifdir: “Bu da elektrik enerjisinin qiymətinin baha olması ilə əlaqədardır. Bir çox ölkələrdə bu emal müəssisələrinə vətəndaşlarla nisbətdə güzəştli elektrik enerjisi verilir. Bunu biz də nəzərə almalıyıq. Belə olmasa, həmin müəssisələrin rentabelliyi olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR