Sadaxlıda nələr baş verir? - ARAŞDIRMA

Sadaxlıda nələr baş verir?  - <span style="color: red;">ARAŞDIRMA
# 11 sentyabr 2013 11:43 (UTC +04:00)

Sadaxlı. Nizami Məmmədzadə - APA. Son bir neçə ildə Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndinin adı həm Ermənistan, həm də Azərbaycan mediasında tez-tez hallanır. Buna əsas səbəb ermənilərin soydaşlarımıza qarşı təxribatlarının getdikcə güclənməsidir.

Baş verən hadisələri Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da təsdiqləyir. “Gürcüstanın Kvemo-Kartli regionunda sərhədyanı kəndlərə münasibətdə Ermənistan tərəfindən milli azlıqların hüquqlarının müdafiəsi üzrə Çərçivə Konvensiyasının yerinə yetirilməsi haqqında alternativ hesabat”da deyilir: “1990-2000-ci illər ərzində erməni hərbçiləri tərəfindən Gürcüstan vətəndaşları olan etnik azlıqların nümayəndələri öldürülüb, oğurlanıb, tutulub, döyülüb və qanunsuz olaraq həbs ediliblər. 1990-cı ildə Sabir adlı Sadaxlı kənd sakini Gürcüstan tərəfdə erməni sərhədçiləri tərəfindən həbs edilib, döyülüb və sonra öldürülüb. 1993-cü ildə Ermənistan-Gürcüstan sərhədində olan körpü partladılıb və nəticədə Əhməd Məmmədoğlu həlak olub. 1994-cü ildə erməni hərbçiləri Təzəkənd kəndinə gələrək Meydan Haqverdiyevi, Dilman və Polad Aşiqov qardaşlarını həbs ediblər və sonra onlara işgəncə verərək öldürüblər. 1990-cı ildə Niyaz və İlyaz Mahmudov qardaşları ağaca bağlanılaraq yandırılıb. 1994-cü ildə Kamal Bədəlov ağır bədən xəsarətləri ilə Debed çayına atılıb və orada ölüb”.

Pələngovlar müəmması

Sadaxlı gözdən-könüldən uzaq bir kənd deyil. Gürcüstan-Ermənistan sərhədində yerləşən bu kənddə yaşayan əhalinin çoxu işsizdir. Gənclər iş tapmaq ümidi ilə Azərbaycana, Rusiya və Türkiyəyə üz tuturlar. Bəziləri də ermənilərlə dil taparaq, alqı-satqı ilə məşğul olur. Bir çox hallarda isə ermənilər onlara “atır”, alverlə məşğul olan soydaşlarımız çıxılmaz vəziyyətə düşürlər.

Yerli sakinlər APA-ya bildiriblər ki, 2005-ci ildə Molla Qara ləqəbi ilə məşhur olan Sadaxlı kənd sakini Sədrəddin Pələngov qoyun otararkən qeyb olub və onun yalnız qanlı paltarları tapıllıb. İndiyədək Molla Qaranın harada olmasından bir xəbər yoxdur. S. Pələngovun yoxa çıxmasından sonra Pələngov soyadı tez-tez Gürcüstan, Ermənistan və Azərbaycan mətbuatında, güc strukturlarının sənədlərində hallanmağa başlayıb. Mövzular müxtəlifdir - Pələngovlar gah sərhədi “qanunsuz” keçir, gah mal-qara otaranda saxlanılır, gah da Ermənistana aparılır. Soydaşlarımızın saxlanmasında Ermənistan Milli Təhlükəsizlik strukturunun adı tez-tez çəkilir.

Bu il avqustun 17-də 1969-cu il təvəllüdlü Allahverdi Pələngov Ermənistan sərhədçiləri tərəfindən həbs olunub. O, qaçaqmalçılıq və sərhədi qanunsuz keçmə ittihamı ilə Ermənistan Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. İki gün əvvəl Allahverdi Pələngovun ailəsi ilə telefon danışığı olub və o, səhhətinin yaxşı olduğunu bildirib. Məlumata görə, qaçaqmalçılıq ittihamı onun üzərindən götürülüb.

Görəsən, Pələngovlar nəsli niyə təqibə məruz qalır? Bu suallara cavab almaq istədikdə, nədənsə bu nəsildən olan Mirzə Pələngov açıqlama verməyə qəti etiraz etdi və hədə-qorxu gəldi. Görəsən, niyə?

Ermənilərin yeni ərazi iddiası

Sadaxlı kənd icra nümayəndəliyinin inzibati ərazisinə daxil olan 5 kənd (Sadaxlı, Burma, Təzəkənd, Molloğlu, Xuldərə kəndlərinin) Ermənistan sərhədinin bir addımlığında yerləşir. Ona görə “bir addımlığında” yazırıq ki, son zamanlar Ermənistan-Gürcüstan sərhədinin delimitasiya-demarkasiya işinin həyata keçirilməsi gecikdiyindən, erməni sərhədçiləri sərhəd xəttini daha da irəli çəkir. Hətta müşahidəmizə görə, elə evlər var ki, Ermənistanın qondarma sərhəd xəttindən o yana düşüb. Erməni sərhədçiləri iddia edirlər ki, Burma kəndində bir neçə ev sökülməlidir. Kənd sakinləri bunu “köhnə bazarda təzə nırx” kimi qiymətləndirirlər. Burma kənd sakini Vaqif Naibov APA-ya bildirib ki, ermənilər qondarma xəritələr gətirib bildirirlər ki, “sizin evlər bizim tarixi torpaqlarımıza düşür”. Erməni polisləri V. Naibovun evində 4 dəfə qeyri-qanuni axtarış aparıb: “Hesab edirəm ki, bununla onlar bizi qorxutmaq və psixoloji təzyiq edərək dədə-baba evlərimizdən köçürmək istəyirlər. Biz Gürcüstan hüquq-mühafizə orqanlarına müraciət etdik və hələlik öz evlərimizdəyik. Amma real təhlükə var, bizi çox təhlükələr gözləyir”.

Ermənistan sərhədçiləri birtərəfli qaydada Təzəkənd sakinləri Əhməd İsmayılovun, Zakir Məmmədovun və Kamal İsmayılovun evlərinin Ermənistan ərazisinə düşdüyünü bildiriblər. Onların sərhəd xəttini kəndin kənarına çəkməsi nəticəsində tez-tez mal-qara və insan oğurluqları baş verir.

Mal-qara və adam oğurluqları adi hal alıb

Sakinlərin dediyinə görə, mal-qara oğurluqları 2006-cı ildən başlayaraq indiyədək davam edir. 2006-cı ildə Təzəkənd sakini Abdulla Abdullayevin inəyi sərhədyanı sahədə otlayarkən oğurlanıb, həmin il kəndin 100 baş inəyi erməni sərhədçiləri tərəfindən aparılıb. 2007-ci ildə Məhəmməd Hüseynovun 12 baş mal-qarası oğurlanıb. Gürcüstan hüquq-mühafizə orqanları işə qarışdıqdan sonra mal-qara geri qaytarılıb, lakin Gürcüstan tərəfi hələ ki Ermənistana qarşı heç bir iddia irəli sürməyib. 2006-cı ildə isə sərhəddə faciə baş verib. Mollaoğlu kənd sakini Kamandar Mustafayevin 13 yaşlı qızının meyiti Ermənistan-Gürcüstan sərhədinin yaxınlığından keçən Debed çayının sahilində tapılıb.

Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev APA-ya açıqlamasında bildirib ki, 2006-cı ildə kənd sakini Vəli Əfəndiyev meşədən uzunqulaq arabasında su daşıyarkən erməni sərhədçiləri onu tutmağa cəhd ediblər, lakin V. Əfəndiyev qaçıb: “Uzunqulaq və arabanı erməni sərhədçiləri aparıblar. İndiyədək Vəli Əfəndiyev nə uzunqulağı, nə də arabanı geri qaytara bilməyib”.

Həmin il Sadaxlı kənd sakini Valeh Naibov, Burma kənd sakinləri Allahverdi Cəfərov və Elməddin Cəfərov girov götürülüb və bir neçə gün saxlandıqdan sonra rüşvət müqabilində geri qaytarılıblar. 2008-ci ildə Təzəkənd sakinləri Ənnağı Pələngov, Əmirxan Naibov və Camal Cəfərov mal-qaraları ilə birlikdə erməni sərhədçiləri tərəfindən oğurlanıb və Ermənistanda işgəncələrə məruz qalıb, sonra rüşvət verilərək geri qaytarılıblar. Həmin il Təzəkənd sakini Tahir Məmmədov da 3 baş mal-qarası ilə Ermənistan ərazisinə aparılıb, lakin az sonra bilinməyən xəstəlikdən vaxtsız dünyasını dəyişib.

2008-ci ildə Burma kənd sakini erməni sərhədçilərinə 300 dollar verdikdən sonra girovluqdan azad olunub, saxlanılan Sadaxlı kənd sakini Şanı Cəlilov isə atına və arabasına görə 200 dollar ödəyib.

Sakinlər APA-ya bildiriblər ki, sərhəd xəttinin dəqiq müəyyən olunmaması və Gürcüstan tərəfdən ciddi nəzarətin olmaması nəticəsində Gürcüstanın Kvemo-Kartli bölgəsinə aid olan Beytarabçı, Təzəkənd, Burma, Sadaxlı, Mollaoğlu, Xuldərə, Yırğançay yaşayış məntəqələrində həmişə erməni sərhədçiləri ilə problemlər yaşanır. Təəccüblüdür ki, yerli azərbaycanlılar ermənilərin iddia etdikləri qondarma sərhəd xətlərini keçəndə mütləq bir hadisə baş verir, amma erməni sərhəd xidmətinin zabitləri isə “UAZ” markalı hərbi maşınla Sadaxlıdakı restoranda yeyib-içdikdən sonra meşədə yenicə tikilən sərhəd zastavasına qayıdırlar.

Sadaxlı kənd sakinlərinin dediyinə görə, son illər onlar içməli və suvarma suyundan korluq çəkirlər. Burma kənd sakinləri bildiriblər ki, kəndin içməli su mənbələri əvvəllər bizim olan və indi erməni sərhədçilərinin qanunsuz olaraq zəbt etdikləri meşələrdə qalıb. Sakinlər meşəyə gedib dədə-baba bulaqlarını təmir edə bilmədiklərini deyiblər.

Ermənilərin Sadaxlıya təcavüzü Avropa Şurasının diqqətindədir

Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları daim Ermənistan sərhədçilərinin qanunsuz hərəkətlərini izləyir, hakimiyyət orqanlarına, eyni zamanda Avropa Şurasına hesabat xarakterli sənədlər göndərirlər. QHT-lər bildirir ki, Ermənistan hakimiyyəti qonşu dövlətin ərazisində yaşayan etnik azlıqlara qarşı diskriminasiya siyasəti yürüdür.

2005-ci ildən bəri Gürcüstanda fəaliyyət göstərən Milli Azlıqların Hüquq Müdafiə Monitorinq Qrupunun rəhbəri, hüquqşünas Elbrus Məmmədov APA-ya açıqlamasında qeyd edib ki, Gürcüstanın sərhəd kəndlərində yaşayan azərbaycanlıların vəziyyətindən Avropa Şurasının “Milli Azlıqların Hüquqlarının müdafiəsi üzrə Çərçivə Konvensiyası”nın Konsultativ Komitəsi də xəbərdardır: “Komitə qəbul etdiyi sənədin 52-ci maddəsində qeyd edib: “Konsultativ Komitə narahatlıqla qeyd edir ki, Ermənistanla həmsərhəd olan ərazilərdə (Kvemo-Kartli, Gürcüstan) yaşayan etnik azərbaycanlılardan hüquq-mühafizə orqanlarının yetərli dərəcədə onların hüquqlarını müdafiə etmədikləri barədə şikayətlər alır”. Komitə azərbaycanlıların zorakılıq qurbanları olduqları, onların torpaqları, digər mülklərinin əllərindən alındığı və mal-qaralarının oğurlandığı barədə məlumatlı olduğunu bildirib. Qeyd olunub ki, sərhəd xətti dəqiq olaraq müəyyənləşməyib. Komitə Gürcüstan hökumətini lazımi tədbirlərin görülməsinə çağırıb və lazım gəldikdə, beynəlxalq dəstəyin olacağını da bəyan edib”.

Burma, Təzəkənd, Sadaxlı kənd sakinləri gürcü sərhədçilərinin Ermənistan-Gürcüstan sərhədlərinin haradan başlandığını bilmədiklərini söyləyiblər. Erməni sərhədçiləri azərbaycanlıların yaşadıqları kəndlərin 50-100 metrliyində durur və sərhədi istədikləri kimi dəyişirlər. Sakinlər bildiriblər ki, ümumiyyətlə, Burma və Təzəkənd kəndləri erməni sərhədçilərinin nəzarətindədir.

Sadaxlı kənd icra nümayəndəsi Hüseyn Əsgərov deyib ki, erməni hərbçiləri qanunsuz olaraq meşəni, otlaq ərazini, meşəyə yaxın əkin sahələrini mənimsəyiblər: “Sərhəd göstəricilərini erməni hərbçilərinin hazırda durduğu yerdən xeyli uzaqda tapmaq olar. Hələ bir neçə on illər bundan əvvəl babalarımız yerli hakimiyyət orqanları ilə birlikdə kömür dolu vedrələri sərhəd xəttinə basdırıblar”.

Süleyman Pələngov qeyd edib ki, 500-dən çox Ermənistan vətəndaşı qanunsuz olaraq Gürcüstan ərazisində məskunlaşıb və azərbaycanlılara məxsus torpaqlardan istifadə edir.

Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev qeyd edib ki, azərbaycanlılara məxsus bağ əraziləri zəbt olunub: “Ermənistan hökumət nümayəndələrinin hərəkətləri Gürcüstan vətəndaşlarını qorxutmaq və Gürcüstan torpaqlarını işğal etmək məqsədi güdür. Biz sərhədlərin tezliklə demarkasiya və delimitasiya olunmasını tələb edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR