Azərbaycanın Moldova ombudsmanına siyasi sığınacaq verməsi təklif olunur

Azərbaycanın Moldova ombudsmanına siyasi sığınacaq verməsi təklif olunur
# 07 avqust 2013 09:31 (UTC +04:00)

Bakı - APA. Azad Qarabağ Uğrunda Alyans moldovalı ombudsman Aureliya Qriqoriuya münasibətdə Moldovanın rəhbərliyi tərəfindən təşkil olunan təzyiq və təhdid kampaniyası ilə əlaqədar bəyanat qəbul edib.

APA-nın xəbərinə görə, sənəd Alyansa daxil olan 14 təşkilat, o cümlədən Qarabağ Azadlıq Təşkilatı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti, Milli Mədəniyyətin Təbliği ictimai birliyi, Əsgər Analarına Dəstək İctimai Birliyi, Mina Qurbanlarına Dəstək İctimai Bbirliyi, Vətən Müharibəsi Əlillər Cəmiyyəti, Azərbaycan Birlik Təşkilatı, “Məşəl” Cəmiyyəti və digər təşkilatların rəhbərləri tərəfindən imzalanıb.

Sənəddə deyilir: “Moldovada ombudsman Aureliya Qriqoriuya qarşı təşkil edilən təzyiq və təhdid kampaniyasını qətiyyətlə pisləyirik. Biz heç bir ölkənin daxili işlərinə qarışmaq istəmir, lakin onu da qeyd etməyi özümüzə borc bilirik ki, işğalçı dövlətə qarşı cəsarətli və prinsipial mövqe tutan, soyqırım faktı ilə bağlı həqiqəti deməkdən çəkinməyən hər hansı bir şəxsə dair məsələ bu və ya digər ölkənin daxili işi ola bilməz. Aureliya Qriqoriu həqiqəti deyib, prinsipiallıq və obyektivlik nümayiş etdirib. Ona qarşı hər hansı təzyiq yolverilməzdir. Hesab edirik ki, Moldova rəhbərliyi ona qarşı təzyiq və təhdid kampaniyası təşkil etməklə erməni lobbisinin sifarişini yerinə yetirir”.

Bəyanatda Moldova rəhbərliyinin Aureliya Qriqoriuya qarşı rüsvayçı təzyiq və təhdid kampaniyasına son qoyması, Moldovadakı Azərbaycan diasporunun ombudsmana qarşı erməni fitnəkarlığının zərərsizləşdirilməsi üçün təcili və təsirli addımlar atması, Azərbaycan hökumətinin haqq işimizi müdafiə etmiş bir xanıma divan tutulmasına imkan verməməsi, onun müdafiəsi üçün bütün vasitələrdən istifadə etməsi, beynəlxalq təşkilatların diqqətini dərhal bu məsələyə cəlb etməsi, Aureliya Qriqoriunu ölkəmizə dəvət etməsi, ona siyasi sığınacaq, hətta vətəndaşlıq hüququnun verilməsini mümkün variantlardan biri kimi nəzərdən keçirməsi, hətta Moldova ilə münasibətlərinə, əməkdaşlıq əlaqələrinə yenidən baxmaq haqda düşünməsi təklif olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR