Azərbaycanda gömrük ödənişlərini ödəmədən sərhəddən keçiriləcək malların siyahısı müəyyənləşib

Azərbaycanda gömrük ödənişlərini ödəmədən sərhəddən keçiriləcək malların siyahısı müəyyənləşib
# 28 oktyabr 2013 08:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nı təsdiqləyib.

APA-nın məlumatına görə, bu Qaydalar fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

Aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar, ümumi gömrük dəyəri 1500 dollar ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan, eyni zamanda beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 dollar ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar, avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq, Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri, vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə) 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki və 600 ədəd siqaret güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Bura 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla), 125 qrama qədər nərə cinsli balıq kürüsü, əcnəbi əməkçi miqrant Azərbaycanda, Azərbaycanın vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər də daxildir. Azərbaycanda diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Xarici İşlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydası da müəyyənləşib. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə avtonəqliyyat vasitələri gətirilərkən, gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə, qanunla müəyyən edilmiş digər tələblərə və təsdiqedici sənədlərə uyğun olaraq gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada həyata keçirilir. Əlillər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici sənədi əsasında güzəştli qaydada (gömrük ödənişləri alınmadan) icazə verilir. Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərti ilə həmin şəxsin vizasında və ya Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir.

Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır. Müvəqqəti qeydiyyat vaxtı bitdikdə, avtonəqliyyat vasitələri gömrük ərazisindən geri aparılmalı və ya xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada rəsmiləşdirilməlidir. Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan və ya qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələrinin (tranzit qaydada keçən avtonəqliyyat vasitələri istisna olmaqla) gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir. Fiziki şəxslər tərəfindən Azərbaycanda daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin 2 (iki) il müddətinə gömrük ərazisindən kənara müvəqqəti aparılmasına və ya qeydiyyatdan çıxarılması şərtilə daimi aparılmasına icazə verilir. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən tranzit keçirilməsi və ya gömrük rəsmiləşdirilməsinin həyata keçiriləcəyi gömrük orqanına çatdırılması həmin avtonəqliyyat vasitələrinin digər şəxslərin istifadəsinə və ya sərəncamına verilməmək şərti ilə 72 saat ərzində yerinə yetirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR