Azərbaycanda son 10 ildə meşə sahəsi ölkə ərazisinin 11,8 faizinə çatdırılıb

Azərbaycanda son 10 ildə meşə sahəsi ölkə ərazisinin 11,8 faizinə çatdırılıb
# 04 sentyabr 2013 11:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. «Meşələrin bərpası və artırılmasına dair” Milli Proqram çərçivəsində meşəsalma və meşə-bərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon 21 min hektarı keçərək ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinə çatdırılıb». APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib.


H. Bağırov bildirib ki, proqramın icrası istiqamətində meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması məqsədilə bir sıra ciddi tədbirlər görülüb: “Son 10 il ərzində 104 500 hektardan artıq sahədə meşə-bərpa işləri aparılıb və yeni meşələr salınıb, 84 milyon ədəd ağac əkilib, 307 milyon ədəd əkin materialı yetişdirilib və 2 milyon ton toxum tədarük edilib”.


Nazir onu da əlavə edib ki, Kür və Araz çayları boyu məskunlaşmış əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 2007-2012-ci illər ərzində 20 rayonun 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istismara verilib və 400 mindən artıq əhali Ümumdünya Səhiyyə Təşkilatının normalarına cavab verən içməli su ilə təmin edilib: “Sutəmizləyici qurğuların böyük bir hissəsi artıq 5 ildir ki, fasiləsiz istismar edilir. Proqramla əhatə olunmayan digər yaşayış məntəqələrində də təmizləyici qurğuların quraşdırılması barədə İcra Hakimiyyəti və yerli idarəetmə orqanları, əsasən də əhalidən çoxsaylı müraciətlər daxil olur”.


H. Bağırov qeyd edib ki, nazirlik tərəfindən Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərində ümumilikdə gündə 6400 m3 çirkab sutəmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb: “Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən təmizlənərək dənizin dərinliyinə axıdılır. Nəticədə, aparılan monitorinqlər qısa zaman ərzində həmin ərazilərdə Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR