Abbas Lisani barəsində yeni təhqiqat işi açılıb

Abbas Lisani barəsində yeni təhqiqat işi açılıb
# 01 may 2014 07:26 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal məhkəməyə çağırılıb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Abbas Lisani 2014-cü il iyunun 9-da Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsində olmalıdır. Bununla bağlı aprelin 29-da azərbaycanlı fəala məhkəmədən bildiriş gəlib və səbəb kimi barəsində yeni təhqiqat işinin açılması göstərilib.

A.Lisani ölkənin milli təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılır. O, indiyədək dəfələrlə Ərdəbil İnqilab Məhkəməsinə ifadə verməyə çağırılıb. Azərbaycanlı fəal barəsində iki təhqiqat işi açılıb. A.Lisani bir məqaləsində İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb. Bundan əlavə, ona hökumət əleyhinə “Çənlibel” adlı qurum yaratmaq, Savalan dağında qanunsuz toplaşmaq, CD-lər yaymaq və həmin CD-lərdəki materialların GünAz TV-də yayımlanmasına nail olmaq, mərhum İbrahim Cəfərzadənin ildönümündə iğtişaş yaratmaq, müxtəlif bildirişlər və CD-lər yaymaqla xalqı Urmiya gölünün qurumasına etiraz olaraq keçirilən aksiyalara çağırmaq, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) gizli məlumatlarını əldə etməyə səy göstərmək və ona xələl vurmağa çalışmaq, həmçinin milli təhlükəsizliyi pozmaq kimi ittihamlar irəli sürülüb.

A.Lisani bu il fevralın 20-də Əhər şəhərində 21 fevral - Ümumdünya Ana Dili günü münasibətilə azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evində keçirilmiş tədbir zamanı 80-ə yaxın mübarizə yoldaşı ilə birlikdə həbs edilib. O, ETTELAAT-ın Əhər şöbəsinin təcridxanasına qeyri-qanuni köçürülməsinə və Əhər şəhərinin həbsxanasında qanunsuz saxlanılmasına etiraz olaraq iki dəfə aclıq aksiyası keçirib. Azərbaycanlı fəal martın 5-də iki həftəlik həbs həyatından sonra ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında Əhər şəhərinin həbsxanasından sərbəst buraxılıb.

A.Lisani 2003-cü ildə Azərbaycan türkcəsində təqvim yaydığına, 2003-2005-ci illərdə Bəzz qalasına yürüşdə, 2004-cü il iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidindəki aksiyada, 2005-ci ildə Məşrutə inqilabının ildönümündə Bağırxanın məzarı başındakı tədbirdə, 2011-ci il mayın 25-də Urmiya şəhərində 2006-cı il hadisələrinin şəhidlərinin ildönümündə, 2011-ci il sentyabrın 9-da Ərdəbildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada və 2012-ci il sentyabrın 27-də mərhum İbrahim Cəfərzadənin ildönümündə iştirak etdiyinə görə həbs edilib. Azərbaycanlı fəal 2005-ci ilin iyulunda Bəzz qalasına yürüşdə, 2006-cı ilin mayında karikatura hadisəsinə etiraz aksiyalarında iştirak etdiyinə görə 30 ay azadlıqdan məhrum edilib. 2007-2009-cu illərdə bir hissəsini Yəzd həbsxanasında həbs cəzasını çəkib. A.Lisani həbsxanada saxlanıldığı müddətdə bir neçə dəfə aclıq aksiyası keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR