Avropa Azərbaycan Cəmiyyəti Avropa Parlamentində Azərbaycan-NATO əməkdaşlığına dair seminar keçirib

Avropa Azərbaycan Cəmiyyəti Avropa Parlamentində Azərbaycan-NATO əməkdaşlığına dair seminar keçirib
# 27 noyabr 2013 11:57 (UTC +04:00)

AAC-dan APA-ya verilən məlumata görə, tədbiri keçirməkdə məqsəd Azərbaycanın NATO qarşısındakı öhdəliyinə dair informasiya və fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlığın perspektivlərini işıqlandırmaq olub.

Seminarda NATO-nun hazırkı fəaliyyəti və perspektivləri, Avropa Birliyi-Azərbaycan əməkdaşlığında NATO-nun rolu, Azərbaycan-NATO dialoqunda rəsmi Bakının mövqeyi kimi məsələlər müzakirəyə çıxarılıb. Çıxış edənlər bildiriblər ki, Azərbaycan NATO-nun ən ümidverici və etibarlı tərəfdaşları arasında yer alıb və hazırda Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) yardım göndərilməsində iştirak edir. Bu, transatlantik əməkdaşlıqda Bakının əhəmiyyətini artırır.

Seminarın əsas məruzəçilərindən, Avropa Parlamentinin Slovakiyadan olan millət vəkili Katerina Nevedalova bəyan edib ki, ötən bir neçə il ərzində Avropa Parlamentinin bir çox üzvü Cənubi Qafqazdakı, xüsusilə də Azərbaycandakı inkişafdan xəbərdar olub. Natiqin sözlərinə görə, Avropa ilə Azərbaycan arasında informasiya mübadiləsini intensivləşdirmək və yeni müstəviyə çıxarmaq lazımdır.

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbrahim cari münasibətlərin icmalını verərək deyib ki, NATO və Azərbaycan demokratik, institusional və müdafiə islahatlarında fəal əməkdaşlıq edirlər: “Ötən 10 il ərzində tərəflər arasında mülki müdafiənin planlaşdırılması, elmi mübadilə, ətraf mühitin mühafizəsi və ictimai informasiya kimi sahələrdə birgə çalışmaları olub. Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biri kimi qəbul edilib. Azərbaycanın NATO ilə dialoqu sadəcə müxtəlif missiyalar zamanı insani və təchizat dəstəyini təmin etmək kimi sırf siyasi öhdəlikdən ibarət deyil. Azərbaycan mənəvi və hüquqi məsələləri əhatə edən planlarda da fəal iştirak edir və NATO-nun ambisiyalarına sadiqdir”.

Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyin başçısı Fuad İsgəndərov və Avropa Parlamentinin Latviyadan olan millət vəkili İnes Vayder öz çıxışlarında Azərbaycanın NATO ilə əməkdaşlığının Avropa İttifaqının təhlükəsizlik siyasəti ilə əlaqəsindən bəhs ediblər. Xanım Vayder vurğulayıb ki, Azərbaycan Avroatlantik standartlara nail olmağın və Avropa təsisatlarına yaxınlaşmanın yollarını araşdırır və bu məsələdə ona köməklik etmək lazımdır.

Avropa Azərbaycan Cəmiyyətinin Belçika nümayəndəliyinin rəhbəri Roman Huna bildirib ki, Avropa Azərbaycan Cəmiyyətinin ən mühüm prioritetlərindən biri Azərbaycan və onun Avropa üçün əhəmiyyəti haqqında Avropa ictimaiyyətini səmərəli şəkildə məlumatlandırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR