Həsən Ruhani: “İran xalqı öz təbii haqlarından əsla vaz keçməyəcək”

Həsən Ruhani: “İran xalqı öz təbii haqlarından əsla vaz keçməyəcək”
# 29 avqust 2013 12:18 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İran xalqı öz təbii haqlarından əsla vaz keçməyəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib. Onun sözlərinə görə, düşmənlərin təzyiqlərinə baxmayaraq xalq sanksiyalara qarşı müqavimət göstərəcək: “İran rəhbərliyi beynəlxalq arenada sülhlə müqavimət dilini eyni zamanda istifadə edəcək”.

H. Ruhani bölgədə son günlərdə baş verən proseslərə də toxunub: “Orta Şərqdə hər cür macəraçılıq bölgədə və dünyada kompensasiyası qeyri-mümkün olan ziyanlara gətirib çıxaracaq. Çünki Orta Şərq bölgəsi başda olmaqla dünya xalqları yeni bir müharibəyə hazır deyillər. Bölgədə hər cür macəraçılıq cəhdi yalnız terrorizm və radikalizmin yayılmasına səbəb olacaq”.

İran prezidenti güc tətbiqinin və hücum təhdidinin beynəlxalq təhlükəsizlik və sabitliyə zərər verdiyini deyib: “İran kimyəvi hücumun qurbanı olan bir ölkə kimi bu cür insanlığa zidd olan silahlarla mübarizədə dünyada ön sıradadır və bu cür silahların istifadəsini kəskin şəkildə qınayır”.

H. Ruhani həmçinin vurğulayıb ki, Suriyada kimyəvi silahlardan istifadə edənlər tərəfsiz, tələsik qərarlar verməyən və mənfəət güdməyən araşdırmalar nəticəsində müəyyənləşdirilə bilər: “BMT-nin bu sahədəki həqiqətlər və Suriyanın sərhədlərindən kənar təhrikçi qüvvələrin bu ölkəyə kimyəvi silah daşıma keçmişini nəzərə almaqla son hadisəni araşdırdıqdan sonra nəticələri şəffaf şəkildə açıqlaması lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR