“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə əmr imzalanıb

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə əmr imzalanıb
# 21 yanvar 2014 15:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və informasiya texnologiyaları (RİTN) naziri Əli Abbasov “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamının 3.2-ci bəndinin icrası məqsədi ilə əmr imzalayıb.

APA-Economics”in məlumatına görə, bu barədə RİTN-in mətbuat xidməti məlumat yayıb.

Əmrə əsasən, “Açıq Hökumətin təşviqinə dair 2012-2015 illər üçün Milli Fəaliyyət Planı”nın bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin icrasına dair 2014-cü il üçün “İş Planı”, eləcə də “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin icrasına dair 2014-cü il üçün “İş Planı” təsdiq edilib. RİTN Aparatının struktur bölmələrinə və tabeliyindəki qurumlara “İş Planları”nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasının təmin edilməsi tapşırılıb. Əmrin icrasına nəzarət RİTN-in Ümumi şöbəsinə tapşırılıb.

Qeyd edək ki, “İş Planları”na informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığın artırılması, maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, həmçinin etik davranış qaydalarının təkmilləşdirilməsi, dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığının artırılması istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR