Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən ekspertizanın rəyi açıqlanmayıb

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən ekspertizanın rəyi açıqlanmayıb
# 22 oktyabr 2013 13:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən ekspertizanın rəyi açıqlanmır. Bu barədə APA-ya E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev məlumat verib.

A.Niftəliyev qeyd edib ki, E.Tofiqqızının ölümü ilə bağlı keçirilən ekspertizanın yekun rəyi bu gün açıqlanmalı idi: “Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Aparat rəhbəri Ceyhun Allahverdiyev yekun ekspertiza rəyinin oktyabrın 22-də elan olunacağını bildirmişdi. Bu gün Ceyhun Allahverdiyevlə əlaqə yaratdıq. Lakin o, yekun ekspertiza rəyini açıqlamaqdan imtina etdi və yekun rəyi cinayət işinin aparıldığı Nəsimi rayon Prokurorluğundan əldə edə biləcəyimizi söylədi. Nəsimi rayon prokurorunun köməkçisi, Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işinin istintaq qrupunun üzvü İsmayıl Rövşənov isə ekspertizanın yekun rəyini almadıqlarını söylədi”.

Nəsimi rayon prokurorunun köməkçisi Şəbnəm İbrahimova isə APA-ya bildirib ki, Elnarə Tofiqqızının ölümünün səbəblərini müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyi alınmayıb. Hazırda ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Xatırladaq ki, A.Niftəliyev mətbuata açıqlamasında ekspertizanın ilkin rəyinə əsaslanaraq, E.Tofiqqızının həkim məsuliyyətsizliyi və səhlənkarlığı üzündən dünyasını dəyişdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR