Təhsil Nazirliyi doktoranturaya qəbul planını açıqlayıb

Təhsil Nazirliyi doktoranturaya qəbul planını açıqlayıb
# 27 avqust 2013 11:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində elmi və elmi-pedaqoji kadr hazırlığı doktorantura və dissertantlıq yolu ilə iki proqram – fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400 yer, o cümlədən dövlət sifarişli 279 yer, ödənişli 121 yer, dissertantlıq yolu ilə hazırlıq üzrə 351 yer, o cümlədən dövlət sifarişli 254 yer, ödənişli 97 yer nəzərdə tutulub.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69 yer, o cümlədən dövlət sifarişli 68 yer, ödənişli 1 yer, dissertantlıq yolu ilə hazırlıq üzrə 93 yer, o cümlədən dövlət sifarişli 89 yer, ödənişli 4 yer nəzərdə tutulub.

Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilən layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb.

Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti).

Doktoranturaya qəbul planları hökumət tərəfindən hələ təsdiq edilməyib. Planlar təsdiq ediləndən sonra sentyabr ayında ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən respublika KİV-də müvafiq elanlar veriləcək, oktyabr-noyabr aylarında isə qəbul imtahanları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR