Nazir müavini: “Bu ilin I rübündə uşaq əməyinin istismarı halı aşkarlanmayıb”

Nazir müavini: “Bu ilin I rübündə uşaq əməyinin istismarı halı aşkarlanmayıb”
# 18 iyun 2014 13:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş insanların 38%-i (təxminən 235 min nəfəri) 15 yaşınadək uşaqlardır. Bu da respublikada uşaq əməyindən istifadə hallarının azaldılması probleminin həllini çətinləşdirir”.

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Ombudsmanların XII Bakı Beynəlxalq konfransında “Azərbaycanda qadın və uşaqların sosial müdafiəsi” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, dövlət nəzarəti zamanı iş yerlərində yaşı 18-dən az olan şəxslərin əmək hüquqlarının pozulması ilə bağlı müəyyən faktlar aşkarlanıb. Nazir müavininin sözlərinə görə, 2012-ci ildə 5, 2013-cü ildə 6 belə fakt aşkar edilib: “Bu uşaqları işə götürənlərə qarşı uşaq əməyinin istismarına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq məbləğdə cərimələr tətbiq olunub. Bu qanun pozuntuları əsasən ictimai iaşə, ticarət və təsərrüfatın digər sahələrində aşkar edilib”.

Nazir müavini onu da əlavə edib ki, 2014-cü ilin I rübündə dövlət nəzarəti zamanı uşaq əməyi ilə bağlı hüquqa zidd hal aşkar edilməyib.

İ.Rəhimov ölkədə uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsindən danışıb. Onun sözlərinə görə, hazırda ünvanlı sosial yardım alan ailələrin 38 287-i 3 və daha çox uşaqlıdır: “Ünvanlı yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı isə 285 872 nəfərdir. Bundan əlavə, ünvanlı yardım təyin olunan ailələrdə 1 yaşınadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət ödənilir. Ailə başçısını itirmiş 39 342 nəfər uşaq aylıq müavinətlə təmin olunur. Bu il yanvarın 1-dən etibarən beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanıb. Bu ilin mayın 1-nə beşdən çox uşağı olan qadınların uşaqlarının ümumu sayı 5300 nəfərdir”.

Nazir müavini qeyd edib ki, hazırda ölkədə 63 mindən çox sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaq var və onlara aylıq sosial müavinət ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR