Qazaxda sahibkarlar üçün treninq keçirilib

Qazaxda sahibkarlar üçün treninq keçirilib
# 07 may 2014 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Qazaxda İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri, marketinq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər mövzularını əhatə edən treninqdə kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, marketinqin növləri və prinsipləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR