Azərbaycanda bu il 38 ton ərzaq malları məhv edilib

Azərbaycanda bu il 38 ton ərzaq malları məhv edilib
# 21 noyabr 2013 15:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Füzulidə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans keçirilib.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumları, ictimai təşkilatların nümayəndələri və 120-dən çox istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 37,5 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini qeyd edən Araz Əliyev 2013-cü ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 185 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Tədbirdə həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə, istehlakçı hüquqlarına dair məruzələr dinlənilmiş tədbir iştirakçılarının suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR