Ali təhsil ocaqları üçün lisenziyanın neçə il müddətinə və hansı universitetlərə verilməsi barədə suallara aydınlıq gətirilib

Ali təhsil ocaqları üçün lisenziyanın neçə il müddətinə və hansı universitetlərə verilməsi barədə suallara aydınlıq gətirilib
# 23 sentyabr 2013 10:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycan ali təhsil ocaqlarının fəaliyyəti üçün lisenziyanın neçə il müddətinə və hansı universitetlərə verilməsi barədə suallara aydınlıq gətirib.

APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, suallara cavab olaraq “Təhsil haqqında” Qanununun 16-cı maddəsinə əsasən dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz, hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) 5 il müddətinə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) isə 3 il müddətinə verildiyi qeyd olunub. Daha sonra bildirilib ki, xüsusi razılıq (lisenziya) müvafiq qaydada dövlət qeydiyyatına alınmış və hüquqi şəxs statusuna malik olan təhsil müəssisələrinə verilir. Lisenziya almaq istəyən qurum prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”da və Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” qərarlarında nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. Azərbaycanda lisenziya (xüsusi razılıq) həm dövlət, həm bələdiyyə, həm də özəl təhsil müəssisələrinə verilir.

Təhsil Nazirliyindən verilən digər xəbərə əsasən, Azərbaycanda 55 ali təhsil müəssisəsi var ki, onlardan 15-i özəl, 11-i xüsusi təyinatlı, 29-u isə dövlət ali təhsil müəssisəsidir. 2012-2013-cü tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 145584 nəfər, o cümlədən Bakıda yerləşən ali təhsil müəssisələrində təhsil alanların sayı 112129 nəfər təşkil edir. 2012-2013-cü tədris ilində orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin sayı 55954 nəfər, o cümlədən Bakı şəhərindəki orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 26650 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR