Əli Əkbər Salehi: “İranın nüvə məsələsi durğunluq vəziyyətindən çıxıb”

Əli Əkbər Salehi: “İranın nüvə məsələsi durğunluq vəziyyətindən çıxıb”
# 06 noyabr 2013 12:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın nüvə məsələsi durğunluq vəziyyətindən çıxıb”. APAnın İran mətbuatına istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, nişanələr İranın nüvə məsələsinin həll olunacağını göstərir: “Artıq “altılıq” ölkələrindən yaxşı siqnallar almağa başlamışıq. Qarşı tərəf İranla qarşılıqlı anlaşmaya hazırdır. Bu da onların təzyiq və hədə-qorxu siyasətinin nəticəsiz olacağını başa düşdüklərini göstərir. İran da ədalətli bir çərçivədə və ön şərtsiz dialoqa hazırdır. İran xalqı güclü şəkildə nüvə haqqını müdafiə edir. Ölkənin milli mənafeyi bağlı məsələlərdə əsla geri çəkilməyəcəyik. Bu gün “qələbədən-qələbəyə” prinsipi isə nüvə müzakirələrində hər iki tərəf, o cümlədən dünya ictimaiyyətinin xeyrinədir”.

Ə.Salehi İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) aparılan nüvə danışıqlarına da toxunub: “Hər iki tərəf müəyyən razılıq əldə ediblər. Ancaq keçmişdən davam edən bəzi məsələlər və iddialar var. Onlar da lazımi metodlarla həll yolunu tapmalıdır. İran agentliklə indiyədək açıq və şəffaf bir əməkdaşlıq içərisində olub. Bundan sonra da İran bu cür əməkdaşlığı davam etdirmək niyyətindədir. Çünki İranın nüvə fəaliyyətləri tamamilə enerji və dincməqsədlidir”.

İran rəsmisi AEBA-nın icraçı direktoru Yukiya Amanonu ölkəyə səfər dəvət etdiklərini də söyləyib: “Biz Amanonu noyabrın 11-nə İrana səfərə dəvət etmişik. Ancaq hələlik qarşı tərəfdən heç bir cavab almamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR