Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbər əvəzi ilə görüşüb

Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbər əvəzi ilə görüşüb
# 04 dekabr 2013 15:33 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsman Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki missiyasının rəhbər əvəzi Serhan Aktoprakı onun xahişi ilə qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə miqrantların hüquqları sahəsində Ombudsman təsisatı ilə adıçəkilən qurum arasında əməkdaşlıq üzrə görülmüş işlər barədə danışılıb, fikir mübadiləsi aparılıb, gələcəkdə bu istiqamətdə qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilib.

Müvəkkil miqrantlarla iş aparılarkən dinamikaya diqqət yetirilməsinin zəruriliyini qeyd edib, ölkəmizdə miqrantların sayının və onların axınının tez-tez dəyişdiyini vurğulayıb. O, miqrantların təkcə sayına deyil, həm də tərkibinə nəzər yetirilməsinin, qadınlar, uşaqlar, əlillər, ahıllar, əmək qabiliyyəti olanlarla bağlı və başqa məlumatları əks etdirən geniş statistik məlumat bazasının yaradılmasının vacibliyini bildirib.

Görüşdə həmçinin Beynəlxalq Miqrant Günü münasibətilə birgə konfransın keçirilməsi qərara alınıb.

S.Aktoprak səmimi qəbul, faydalı təkliflər, fikir və məlumat mübadiləsi üçün Ombudsmana minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR