Baş Prokurorluq Göyçayda iş adamının qətlinin üstünün açılması ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Baş Prokurorluq Göyçayda iş adamının qətlinin üstünün açılması ilə bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 22 dekabr 2014 12:43 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 13-də saat 02 radələrində Göyçay rayonu Alpout kənd sakini, 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun üzərində odlu silahdan yetirilməyə xarakterik olan xəsarətlərlə meyitinin kəndin un dəyirmanının həyətində aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayonu, Bəydövül kənd sakini Xudiyev Ələsgər Xudu oğlu tutulub.

İstintaq zamanı Ə.Xudiyevin qeyd edilən tarixdə rayonun Alpout kəndində yerləşən un dəyirmanının həyətində S. Abbasovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus “TOZ-25” markalı ov tüfəngi ilə sonuncuya 4 dəfə atəş açaraq qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan Ə.Xudiyev iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

***

saat 15.13

Göyçay. Elvin Yaqubov - APA. Bu ilin avqust ayında Göyçay rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Alpoud kənd sakini, 1958-ci il təvəllüdlü Sahib Sabir oğlu Abbasovu öldürən şəxs tutulub.

Məlum olub ki, hadisəni həmin kənd sakini, 1956-cı il təvəllüdlü Ələsgər Xudu oğlu Xudiyev törədib. Bu gün o, yaşadığı evdə tutularaq Göyçay rayon Polis Şöbəsinə gətirilib. O, hadisəni törətdiyini etiraf edib. Ələsgər Xudiyev sahibkarlıq fəaliyyəti ilə məşğul olan mərhum Sahib Abbasovun Alpoud kəndindəki çörək sexində həyat yoldaşı ilə birgə işlədiyini və hadisədən 4 gün əvvəl işdən çıxarıldıqlarını bildirib. Ə.Xudiyev əmək haqqını almaq üçün çörək sexinə getdiyini və müdiri Sahib Abbasovun onu təhqir etdiyini bildirib. O, avqustun 14-də axşam saatlarında ov tüfəngi ilə Sahib Abbasovu öldürdüyünü bildirib.


Qeyd edək ki, sahibkarın meyiti Alpoud kəndində yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb. Əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilib. Ekspertizanın rəyinə əsasən məlum olub ki, 4 uşaq atası olan Sahib Abbasovun odlu silahdan açılan atəş nəticəsində güllə yarası aldığı və bu səbəbdən dünyasını dəyişdiyi müəyyən olunub.


Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR