Müxalifət: "Qazprom"un Gürcüstana qaz nəql etməsi Azərbaycanla strateji əməkdaşlığa zərbədir

Müxalifət: "Qazprom"un Gürcüstana qaz nəql etməsi Azərbaycanla strateji əməkdaşlığa zərbədir
# 20 iyun 2016 08:24 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstan müxalifəti "Qazprom" korporasiyası ilə "Qazko+" MMC arasında Rusiya qazının alqı-satqısı ilə bağlı imzalanan müqaviləyə etiraz edib.

"APA-Economics" xəbər verir ki, müxalifətin "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerlə "Qazko+" MMC-nin kommersiya direktoru Georgi Mamaladze imza atdığı sənəddən xəbəri olmayıb. Qeyd edək ki, sənədə əsasən 2016-cı ildə "Qazprom" "Qazko+" MMC-yə 100 mln. kubmetr qaz nəql edəcək.

Sabiq prezident Mixeil Saakaşvilinin tərəfdarı, Gürcüstan Mərkəzi Bankının keçmiş sədri Roman Qotsiridze deyir ki, hakimiyyət ölkəni "Qazprom"un əsarətinə təhvil vermək niyyətindədir. "Rusiya nəhəngi çoxdandır ki, Gürcüstana qaz satmırdı. Onun Gürcüstan bazarına qayıdışı yolverilməzdir və Azərbaycanla strateji əməkdaşlığımıza zərbədir", - deyə R. Qotsiridze bildirib.

Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze isə bildirib ki, hökumətin sözügedən müqaviləyə heç bir aidiyyati yoxdur.

Baş nazirin digər müavini, iqtisadiyyat naziri Dmitriy Kumsişvili də analoji bəyanat verib.

"Söhbət iki kommersiya şirkəti arasında bağlanan müqavilədən gedir", - deyə baş nazirin müavini qeyd edib.

R. Qotsiridze isə iddia edir ki, baş nazirin hər iki müavini yalan danışır: "Qaz nəqli yalnız dövlətə məxsus olan Rusiya-Gürcüstan-Ermənistan kəməri ilə mümkündür və hökumətin bundan xəbəri olmaya bilməz".

Yeri gəlmişkən, məsələ ilə bağlı "SOCAR Energy Georgia" şirkəti də açıqlama verib. Şirkətin baş direktoru Mahir Məmmədov qeyd edib ki, "Qazprom"un "Qazko+" şirkətinə nəql edəcəyi qazın SOCAR-a təsiri olmayacaq.

Qeyd edək ki, hazırda Azərbaycandan Gürcüstana nəql olunan qaz hesabına əhalinin tələbatının 90%-i ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR