Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Kərimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Kərimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 27 sentyabr 2014 14:38 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan, jurnalist və döyüşçü Kazımağa Kərimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir iştirakçıları və şəhidin yaxınları əvvəlcə K. Kərimovun Bakı şəhərində Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

Daha sonra Sumqayıt şəhərində keçirilən tədbirdə onunla bir yerdə çalışmış jurnalistlər və döyüş yoldaşları Milli Qəhrəmanın həyatı və döyüş yolu barədə xatirələrini bölüşüblər. Qeyd olunub ki, K. Kərimov 1 sentyabr 1951-ci ildə Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirən K. Kərimov bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb.

Ermənistan-Azərbaycan münaqişəsi başlandığı ilk vaxtlardan silaha sarılan K. Kərimov Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə taborlarından birinə komandir müavini təyin olunub. Goranboyda döyüşlərdə iştirakla yanaşı, o, Qubadlıda yaradılan könüllü özünümüdafiə taborlarının silah-sursat, hərbi texnika və şəxsi heyətin hərbi geyimlə təmin edilməsində yaxından iştirak edib. Onun iştirakı ilə Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri düşməndən azad edilib. 1992-ci ilin 12-13 iyun tarixlərində keçmiş Şaumyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda Kazımağa Kərimov ağır yaralansa da, döyüşü davam etdirə bilib. Əməliyyatın sonunadək iştirak edən Kazımağa yaralı halda Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, 1992-ci ilin iyun ayının 15-də dünyasını dəyişib.

Ölümündən bir həftə sonra K. Kərimova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. K. Kərimov Azərbaycanda Milli Qəhrəman adına layiq görülən ilk jurnalist olub. Milli Qəhrəmanın adı Bakı küçələrinin birinə verilib. Qubadlı rayon Balasoltanlı kənd orta məktəbi və Goranboy rayon Qızılhacılı kənd Mədəniyyət evi də onun adını daşıyır.

Tədbirdə qeyd olunub ki, yoldaşları ilə sonuncu görüşdə K. Kərimov növbəti dəfə Bakıya iyun ayının 16-da gələcəyini söyləyib və görüş yerini “Şəhidlər Xiyabanı” deyə verib.

Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Bakı Dövlət universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Şirməmməd Hüseynov, professor Əjdər Ağayev, professor Zahid Quliyev və digər şəxslər çıxış ediblər.

Sonda K. Kərimova həsr olunmuş videorolik nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR