Əli Həsənov Mingəçevirdə məcburi köçkünlər üçün salınan yeni məhəllədə aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb - FOTO

Əli Həsənov Mingəçevirdə məcburi köçkünlər üçün salınan yeni məhəllədə aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb - <span style="color: red;">FOTO
# 05 dekabr 2014 10:22 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədi ilə dekabrın 5-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.

APA-nın yerli bürosunun xəbərinə görə, müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələri ilə birgə əraziyə baxış keçirən Əli Həsənov köçkün şəhərciyində tikinti işlərinin hazırkı vəziyyəti, indiyədək görülən işlər, nəzərdə tutulan tədbirlərlə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün konkret tapşırıqlarını verib.

Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Mingəçevir şəhərinin ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq hazırda ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilir. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər nəzərdə tutulur. Ərazidə bundan əlavə 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binaların tikintisi də davam etdirilir.

Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib. Əli Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır.

Qeyd olunub ki, Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir. Bu ilin mayında ərazidə tikinti işlərinə başlanılıb və hazırda binalarda son tamamlama işləri görülür.

Əli Həsənov işlərin sürətləndirilməsi üçün konkret tapşırıqlar verib. Baş nazirin müavini qeyd edib ki, hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazilərində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir. Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlət başçısı İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlət başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.

Müşavirədə tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildiriblər.

Qərara alınıb ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməlidir. Yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR