Müdafiə nazirinin müavini: “Düşmən artıq hiss edir ki, Azərbaycan ordusu ondan üstündür”

Müdafiə nazirinin müavini: “Düşmən artıq hiss edir ki, Azərbaycan ordusu ondan üstündür”
# 23 iyun 2016 08:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarının buraxılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev bildirib ki, aprel ayında cəbhədə baş verən hadisələr Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi: “Silahlı Qüvvələrimizin aprel ayında əks-hücum əməliyyatı nəticəsində uzun illər işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında əks olundu. Düşmən artıq hiss edir ki, Azərbaycan ordusu hər zaman ondan üstündür, vətənə, xalqa, dövlətə sədaqəti hədsizdir. Silahlı Qüvvələrin rəhbərliyi əmindir ki, bugünkü zabitlər şəhidlərimizin qisasını alacaq, torpaqlarımızın müdafiəsində qəhrəmanlıq göstərəcəklər. Torpaqlarımızın azad edilməsində vətən sizdən şücaət gözləyir”.

Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarına diplomlar və müdafiə naziri Zakir Həsənovun adından qiymətli hədiyyələr təqdim edilib. Məktəbi fərqlənmə diplomu ilə bitirən məzunlar üzərində aypara və ulduz təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin döyüş bayrağının təhvil və qəbulu olub, Məktəbin marşı ifa edilib. Məzunların təntənəli keçidindən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi Füzuli Salahov çıxış edib. F. Salahov gənc zabitlərə xidmətlərində və həyatlarında uğurlar arzulayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR