Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
# 17 iyul 2014 14:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2014-cü ilin 6 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, QKDK sədri Rüfət Aslanlı cari ilin ilk 6 ayı ərzində dünya iqtisadiyyatının ayrı-ayrı coğrafi ərazilərində müşahidə olunan əsas inkişaflar və meyllər, eləcə də onları şərtləndirən amillər barədə ətraflı məlumat verib.

R.Aslanlı qlobal iqtisadi mühit üçün xarakterik olan volatillik və qeyri-sabit inkişaf fonunda ölkə iqtisadiyyatında artım templərinin ənənəvi olaraq davam etdiyini deyib. O, əsas makro-iqtisadi və sosial inkişaf göstəricilərini diqqətə çatdıraraq, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndiyini, xarici borclanma səviyyəsinin aşağı olduğunu və strateji valyuta ehtiyatlarının 54 mlrd. ABŞ dolarına qədər yüksəldiyini qeyd edib. QKDK sədri hesabat dövründə mövcud olan müsbət iqtisadi dinamikanın ölkənin qiymətli kağızlar bazarına da sirayət etdiyini söyləyib. Belə ki, 2014-cü ilin ilk yarım illiyində bazarın həcminin ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 86% artaraq 5,9 mlrd. manat təşkil etdiyini vurğulayıb.

Daha sonra QKDK-nın sədr müavinləri, aparat rəhbəri və müvafiq struktur bölmələrin rəhbərləri geniş məruzə ilə çıxış edib. Onlar 2014-cü ilin 6 ayı ərzində həyata keçirilmiş tədbirlər və strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər.

Sonda R.Aslanlı yeni ticarət və post ticarət sisteminin tətbiq edilməsi, qiymətli kağızlar bazarında vergi qoyma siyasətinin müəyyən edilməsi, qiymətli kağızlar bazarı haqqında qanun layihəsinin razılaşdırılması prosesinin sürətləndirilməsi və s. istiqamətlərdə müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR