Azərbaycanda təhsil alan iranlı tələbələr Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat yayıblar

Azərbaycanda təhsil alan iranlı tələbələr Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat yayıblar
# 25 fevral 2015 13:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanda təhsil alan iranlı tələbələr Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat yayıblar.

Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-Mədəni Birliyinin sədri Zoheir Mirzacaninin APA-ya verdiyi məlumata görə, bəyanatda deyilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir:

“Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı edilmiş belə dəhşətli soyqırımı aktlarına baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb. İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Artıq 23 ildir dünya, o cümlədən İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə yad edir, konfranslar, tədbirlər, sərgilər təşkil etməklə, Azərbaycanla həmdərd olduğunu nümayiş etdirir. Biz, iranlı tələbələrin Azərbaycandakı birliyi olaraq Xocalı faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR