Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT Avropa İqtisadi Komissiyasının 65-ci sessiyasında iştirak edib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT Avropa İqtisadi Komissiyasının 65-ci sessiyasında iştirak edib
# 10 aprel 2013 10:33 (UTC +04:00)

Bakı – APA. Aprel ayının 9-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və proqramlar və xarici əlaqələr departamentinin rəhbəri Nick Nvolisa Birləşmiş Millət Təşkilatı Avropa İqtisadi Komissiyasının (BMT AİK) 65-ci sessiyasında iştirak edib. BAMF informasiya departamentindən APA-ya verilən məlumata görə, Cenevrədə yerləşən Millətlər Sarayında (Palais de Nations) keçirilən mərasimdə BMT AİK-in 2015-ci ildən sonrakı strategiyasının prioritetlərinin müəyyənləşdirilməsi və Davamlı İnkişaf Məqsədləri müzakirə olunub.

BAMF nümayəndə heyəti 2015-ci il sonrası prosesi, eləcə də davamlı inkişafın balanslaşdırılmış iqtisadi, sosial və ətraf mühit inteqrasiyasının təmin edilməsinin müxtəlif aspektləri ilə bağlı müzakirələri diqqətlə izləyib. Belə ki, artıq BMT regional ofislərinin təşəbbüsü ilə başlayan müxtəlif dialoqlar və BAMF-ın da fəal iştirak edəcəyi bir neçə milli fəaliyyət sahələri müəyyən edilib.

BAMF nümayəndələri Beynəlxalq Ətraf Mühit Evi binasında Davamlı İnkişaf Uğrunda Şimal Alyansının (ANPED) icraçı direktoru xanım Leyda Riynxut və BMT Ətraf Mühit Proqramı ofisinin regional koordinatoru cənab Vudvosen Asnakenin iştirakı ilə müzakirələr də keçiriblər. Qərara alınıb ki, ANPED Bakıda regionlardan olan QHT-lər üçün seminar təşkil etsin. Seminarın yekununda qəbul ediləcək proqram bəyanatı BMT Yüksək Səviyyəli Seqment görüşündə təqdim olunacaq.

BAMF sədri və proqramlar departamentinin rəhbəri “Cmedia” təşkilatının ofisində də olublar.

Xatırladaq ki, BAMF BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statusla üzvü olan qeyri-hökumət təşkilatıdır. Bu, BAMF-a əksər BMT iclasları, sessiyaları və dialoqlarında iştirak etmək, müəyyən hallarda isə proqram bəyanatı ilə çıxış etmək hüququ verir. BAMF medianın inkişafı, qaçqınlar və məcburi köçkünlərlə iş, icmaların inkişafı, sülh quruculuğu və konfliktlərin həlli istiqamətləri olmaqla, dörd yöndə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR