Beynəlxalq Valyuta Fondu Azərbaycanın vergi sistemində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib

Beynəlxalq Valyuta Fondu Azərbaycanın vergi sistemində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib
# 25 oktyabr 2014 11:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın vergilər nazirinin müavini Sahir Məmmədxanov Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmiz üzrə missiya rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin analitik-informasiya şöbəsindən “APA-Economics”ə daxil olan məlumata görə, S. Məmmədxanov bildirib ki, iqtisadiyyatın diversifikasiyası, əlverişli biznes və investisiya mühitinin yaradılması nəticəsində qeyri-neft sektorunda dinamik artım təmin edilib, bu da ölkədə vergi daxilolmalarının artımına müsbət təsir göstərib.

Vergilər nazirinin müavini Azərbaycanın vergi sistemində aparılan modernləşmə prosesi, texnoloji imkanların genişləndirilməsi, vergi inzibatçılığı və elektron hökumət quruculuğu istiqamətində əldə edilən əhəmiyyətli uğurları qeyd edib.

R. Almarzoqi Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində texniki imkanların genişləndirilməsi, vergi sistemi və inzibatçılığının rəqabət qabiliyyətliliyinin təmin edilməsi, iqtisadiyyatın strukturunun formalaşması, innovasiyaların dəstəklənməsi siyasətində vergilərin stimullaşdırıcı rolunun artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Görüşdə 2014-cü ildə vergi daxilolmaları üzrə proqnozların icrası və 2014-2015-ci illər üçün Vergilər Nazirliyi üzrə proqnoz göstəriciləri, qeyri-neft sektorundan vergi daxilolmalarının artım templərinin davamlı olması üçün təşəbbüslər, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və s. barədə fikir mübadiləsi aparılıb, missiya üzvlərinin sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR