Yaxın illərdə neft hasilatının artımı qeyri-ənənəvi mənbələr hesabına təmin olunacaq

Yaxın illərdə neft hasilatının artımı qeyri-ənənəvi mənbələr hesabına təmin olunacaq
# 29 aprel 2013 08:25 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Qarşıdakı 20 ildə dünyada qeyri-ənənəvi mənbələrdən əldə edilən neftin sürətli artımı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə BP-nin 2030-cu ilədək proqnozlarında bildirilir.

Qeyd edək ki, qeyri-ənənəvi neft mənbələrinə bioyanacaq, şist nefti və qumlardan alınan neft aiddir. Hesabata əsasən, 2000-2010-cu illərdə dünyada neft hasilatının artımında qeyri-ənənəvi mənbələrin payı 30% olub. Növbəti 10 ildə (2010-2020-ci illər) isə neft hasilatının artımı bütünlüklə qeyri-ənənəvi mənbələrin hesabına təmin olunacaq, yəni ənənəvi qaydada çıxarılan neftin hasilatı sabit qalacaq.

Sonradan, 2020-2030-cu illərdə isə ənənəvi neft hasilatında da artım başlayacaq, lakin artımın 70%-i yenə də qeyri-ənənəvi mənbələrin hesabına təmin ediləcək.

BP ekspertlərinin fikrincə, ABŞ və Kanadada şist neftinin hasilatındakı ciddi artım bundan sonra azı 10 il də davam edəcək. Bu dövrdə neft hasilatının hər il 7-8% artması proqnozlaşdırılır. Ekspertlərin sözlərinə görə, 2020-ci ildən sonra şist neftinin hasilatı Rusiya və digər ölkələrdə də genişlənəcək. Nəticədə, 2030-cu ildə dünyada neft hasilatının 9%-i şist neftinin payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR