Tərtərin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Tərtərin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
# 18 may 2015 10:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Tərtər şəhərində keçirilmiş təməlqoyma mərasimi ilə tikinti-quraşdırma işlərinə start verilib.

“Azərsu”nun sədri Qorxmaz Hüseynov çıxış edərək təmas xəttində düşmən mövqelərinə yaxın ərazidə yerləşən Tərtər rayonunda su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlanılmasını rayonun sosial-iqtisadi həyatında son dərəcə əlamətdar bir hadisə olduğunu, bu layihənin bölgənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğulayıb: “Cəbhə bölgəsində yerləşən Tərtər şəhərinin su təchizatının yaxşılaşdırılması həmişə aktual olub. Məlum olduğu kimi, bu bölgənin məhsuldar su mənbələri işğal altında olduğundan rayon sakinləri istər içməli su, istərsə də suvarma suyu ilə təminat baxımından çətinliklərlə qarşılaşırlar. Buna görə də rayon mərkəzini və ətraf kəndləri yeraltı su mənbələri hesabına içməli su ilə təmin etmək qərara alınıb. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən sərhəd rayonlarının kommunal infrastrukturunun yaxşılaşdırılmasına xüsusi önəm verilir və çalışacağıq ki, tikinti işləri intensiv qaydada həyata keçirilsin. Ümidvarıq ki, tərtərlilər tezliklə bu layihənin imkanlarından faydalanacaq”.

Daha sonra ilk borunun xəndəyə endirilməsi ilə Tərtər şəhərində içməli su və kanalizasiya layihəsinin təməli qoyulub.

Qeyd edək ki, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı rayonun 11 kəndinin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihədən 47 min nəfər faydalanacaq.

Layihəyə əsasən, rayon mərkəzini və ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün 9 ədəd subartezian quyusunun qazılması layihələndirilib. Tərtər şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə 3,6 km uzunluğunda magistral su xətti və hər birinin tutumu 5 000 kubmetr olan 2 su anbarı tikiləcək. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması məqsədilə 110 km uzunluğunda paylayıcı şəbəkə yaradılacaq, 2959 ünvana birləşmə veriləcək və hər bir abonent smart-kart sayğacla təmin olunacaq.

Layihəyə uyğun olaraq Tərtər şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaq. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 104 km uzunluğunda kanalizasiya xətti, 2672 kanalizasiya quyusu tikiləcək, 2900-dən çox ünvana birləşmə veriləcək. Tullantı sularının kənarlaşdırılması məqsədilə 8,1 km uzunluğunda kanalizasiya kollektoru inşa ediləcək. Tərtər şəhərində yaranacaq tullantı suları gələcəkdə Bərdə şəhəri yaxınlığında inşa ediləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. “Azərsu” hazırda şəhərin 19 min sakinindən 11 min nəfərinə və ya təqribən 58%-nə xidmət göstərir. Şəhər əhalisinə içməli su gündəlik 8 saatlıq qrafik əsasında verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir.

Tərtər şəhərində kanalizasiya sistemi mövcud deyil. "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Astara, Daşkəsən, Gədəbəy, Tərtər, Samux və Qazax şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur. Artıq Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində tikinti-quraşdırma işlərinə başlanılıb, Qazax və Samux şəhərlərində layihənin icrasına hazırlıq görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR