Masallıda “Xalq və Ordu birdir” devizi ilə tədbir keçirilib - FOTOSESSİYA

Masallıda “Xalq və Ordu birdir” devizi ilə tədbir keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 25 aprel 2015 18:17 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Aprelin 25-də Müdafiə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunmuş “Xalq və Ordu birdir” devizi ilə bədii-təşviqat marafonunun növbəti mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani və telejurnalist Məleykə Alıqızı Masallının tarix, etnoqrafiya və mədəniyyəti barədə danışaraq Böyük Vətən müharibəsi illərində 100 mindən çox rayon sakininin cəbhəyə yollandığını, onlardan 5000 nəfərinin həlak olduğunu qeyd ediblər.

Tədbirdə həmçinin son illər Azərbaycanda ordu quruculuğu və Böyük Vətən müharibəsi veteranlarına göstərilən qayğıdan danışılıb.

Sonra Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblı, Masallının məşhur “Halay” folklor qrupu, xalq artistləri Zümrüd Məmmədova, Zaur Rzayev və digər ifaçılar hərbi vətənpərvərlik mövzusunda mahnı və rəqslərlə çıxış ediblər.

Masallı RİH-nin başçısı Rafil Hüseynov çıxışında “Xalq və Ordu birdir” devizi ilə keçirilən bədii-təşviqat marafonunun növbəti mərhələsinin Masallıda keçirilməsini rayon sakinlərinin həyatında əlamətdar hadisə kimi dəyərləndirib.

Mərasimdə Böyük Vətən müharibəsinin iştirakçıları Reyxstağa sancılan qələbə bayrağını bugünkü nəslin nümayəndələrinə təqdim ediblər. Çıxışlarda Dağlıq Qarabağ torpaqlarının tezliklə düşmən tapdağından azad ediləcəyi və belə bir möhtəşəm qələbə tədbirinin orada keçiriləcəyi Azərbaycan bayrağının Xankəndində ucaldılacağı əminlik hissi ilə ifadə olunub.

Respublika Veteranlar Şurasının sədr müvini Cəlil Xəlilov şuranın təsis etdiyi “Veteran həmrəyliyi” medalını və “Veteranların qayğıkeşi” diplomunu icra başçısı Rafil Hüseynova təqdim edib. Müharibə vetarenı Atabala Hacıyev və rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsumovaya “Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi” medalları verilib.

Mərasim Qələbə marşı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR