Azərbaycanda neft maşınqayırmasının inkişafı müzakirə edilib

Azərbaycanda neft maşınqayırmasının inkişafı müzakirə edilib
# 01 may 2015 11:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində verilən tapşırıqların icrası ilə əlaqədar neft maşınqayırmasının inkişafına həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə adıçəkilən qurumun, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Azərişıq” ASC-nin rəsmi şəxsləri ilə yanaşı, neft maşınqayırması və neft avadanlıqları istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın, o cümlədən sənayenin inkişafı sahəsində son illər əldə olunan nailiyyətlərdən bəhs edib, qeyri-neft sənayesinin inkişafı baxımından ənənəvi istehsal sahələrinin, o cümlədən neft maşınqayırmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlət başçısı tərəfindən 26 dekabr 2014-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda neft maşınqayırması sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması onun rəhbərlik etdiyi quruma tapşırılıb. Bugünkü tədbir neft maşınqayırması sahəsində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyətinin müzakirəsi, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə zəruri dövlət dəstəyinin göstərilməsi və bu sahənin inkişafı ilə bağlı təkliflərin nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir.

Bildirilib ki, dövlət istehlakçı şirkətlərin tələblərinə uyğun yüksək rəqabətə davamlı məhsul istehsal edən istehsalçı şirkətlərin investisiya layihələrini bundan sonra da dəstəkləməyə hazırdır. Ş. Mustafayev SOCAR və “Azərişıq” ASC ilə maşın və avadanlıqlar istehsalı müəssisələri arasında sıx əməkdaşlığın qurulmasının, istehsalçı-istehlakçı münasibətlərinin inkişafının, yerli və ənənəvi xarici bazarlara ixracın daha da artırılmasının vacibliyini vurğulayıb.

SOCAR prezidenti Rövnəq Abdullayev neft maşınqayırmasının uzun illər Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biri olduğunu qeyd edib, şirkətlə neft maşınqayırması müəssisələri arasında mövcud əlaqələr barədə məlumat verib, bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev neft maşınqayırması müəssisələrində istehsal olunan yüksək keyfiyyətli avadanlıqların bir qisminin elektroenergetika və digər sahələrdə də istifadə olunduğunu, enerji infrastrukturunun inkişafı və təchizatı baxımından yerli məhsulların istehsalının vacibliyini qeyd edib.

Tədbirdə iştirak edən müəssisə rəhbərləri maşın və avadanlıq istehsalı sahəsində fəaliyyət göstərən maşınqayırma müəssisələrinin fəaliyyəti barədə məlumat verib, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlarda satış imkanlarının genişləndirilməsinə dair təkliflər səsləndiriblər.

Müzakirələr zamanı dövlət tərəfindən göstərilə biləcək dəstək tədbirləri, dövlət-özəl sektor əməkdaşlığı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmış, tədbirdə qaldırılan məsələlərə dair müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR