www.b2b.az elektron ticarət portalı istifadəçilərinin sayı 36 mini ötüb

www.b2b.az elektron ticarət portalı istifadəçilərinin sayı 36 mini ötüb
# 30 iyul 2014 13:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış Azərbaycanın ilk elektron ticarət portalı www.b2b.az”ın 2014-cü ilin 6 ayı ərzində xidmətlərindən 10 000-dən çox istifadəçi yararlanıb. Portala müraciət edənlərin 1 800-dən çoxu Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Almaniya, Böyük Britaniya, Hindistan, İndoneziya, Braziliya, İtaliya, Qazaxıstan, Estoniya, Gürcüstan, Danimarka, Yunanıstan, Latviya, Fransa, BƏƏ və digər ölkələrdən olan istifadəçilərdir. Ümumilikdə isə istifadəyə verildiyi 2008-ci ildən indiyədək www.b2b.az portalının xidmətlərindən 36 mindən çox istifadəçi yararlanıb.

Qeyd edək ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar yerləşdirilir. Portaldakı materialların 3 dildə (Azərbaycan, ingilis və rus) təqdim edilməsi istifadəçilərin geniş əhatə dairəsini təmin edir.

Portalın yaradılmasında məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrin qurulmasına dəstək göstərməkdir. Almaniyanın GİZ təşkilatının dəstəyi ilə yaradılmış portal "business to business" modeli əsasında qurulmuşdur. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər.

Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur. Sayt sahibkarların məhsulları və onların göstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta sahibkarların ticarət əlaqələrinin genişləndirməsinə imkan yaradır. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR