Hesablama Palatası ştatdankənar işçilərlə bağlı problemin həlli üçün Nazirlər Kabinetinə müraciət edib

Hesablama Palatası ştatdankənar işçilərlə bağlı problemin həlli üçün Nazirlər Kabinetinə müraciət edib
# 29 sentyabr 2014 08:43 (UTC +04:00)

APA-nın məlumatına görə, Hesablama Palatasının Nazirlər Kabinetinə müraciətində qeyd edilib ki, mövcud olan iqtisadi terminlər üzrə ədəbiyyatların əksəriyyətində “ştatdankənar işçi”yə “müəssisə və təşkilatın ştat siyahısına daxil edilməyən və ştat işçilərinin vəzifə və funksiyalarına aid olmayan birdəfəlik işlərin görülməsi üçün müvəqqəti cəlb olunmuş şəxs” kimi anlayış verilib.

Lakin bu terminin birmənalı hüquqi təfsiri olmadığından qanunvericilikdə ştatdankənar işçilərlə bağlı münasibətlər tənzimlənməyib. Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri göstərir ki, “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafı üzrə nəzərdə tutulan vəsaitlər hesabına bəzi büdcə təşkilatlarında inzibati vəzifələrə uyğun statusla işçilərin işə cəlb edilməsi və inzibati vəzifənin maddi təminatlarının onlara da şamil edilməsi və ya onlarla xərcin iqtisadi mahiyyətinə uyğun gəlməyən müqavilələrin bağlanılması və s. kimi hallara yol verilir. Eyni zamanda bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən birbaşa Əsasnamə ilə müəyyən edilmiş funksiyaların icrasına “ştatdankənar işçilər” cəlb edilərək həmin şəxslərlə əmək müqavilələri bağlanılır və “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafından onların xərci maliyyələşdirilir. Bunlarla yanaşı, bəzi büdcə təşkilatlarında ayrı-ayrı fiziki şəxslərlə müxtəlif xidmətləri yerinə yetirmək üçün mülki-hüquqi müqavilələr bağlanılmalı olduğu halda, bunun əvəzinə ştatdankənar işçi ilə qısa müddətli əmək müqaviləsi bağlanaraq “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafından həmin şəxslərə vəsaitlərin ödənilməsi hallarına da yol verilir.

Hesablama Palatası ştatdankənar işçinin dəqiq hüquqi təfsirinin verilməsini, onunla bağlana bilən müqavilələrin növlərinin və müqavilələrdə tərəflərin icbari öhdəliklərinin müəyyən edilməsini, habelə bu sahədə əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar digər məsələlərin həlli üçün əmək qanunvericiliyini tənzimləyən normativ aktlarda müvafiq müddəaların əks etdirilməsini məqsədəmüvafiq hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR