“Qalatasaray”ın sabiq üzvü Azərbaycan çempionatında oynayacaq

“Qalatasaray”ın sabiq üzvü Azərbaycan çempionatında oynayacaq
# 01 sentyabr 2014 14:25 (UTC +04:00)

Bakı – APA. Bakının “Lokomotiv” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu dəfə Serbiya millisinin sabiq voleybolçusu İvana Derisilonla anlaşıb.

Son 2 mövsümü zədə səbəbindən boşa verən 31 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. Onun sonuncu klubu İtaliya “Urbino”su olub (2011-2012).

Derisilo bunadək yetirməsi olduğu “Srvena Zvezda”da (2000-2004), “Viçenza” (2004-2006, İtaliya), “Əczaçıbaşı” (2006-2007, Türkiyə), “Volero” (2007-2008, İsveçrə), “Metal Qalati” (2008-2009, Rumıniya) və “Qalatasaray” (2009-2011, Türkiyə) klublarının şərəfini qoruyub.

O, İstanbul təmsilçisinin heyətində “Çelenc Cup”ın simvolik yığmasında yer alıb. Bakı klubunun yeni transferi, həmçinin 2000-ci ildən şərəfini qoruduğu Serbiya millisi ilə dünya çempionatının bürünc medalını qazanıb (2006). Lakin bir il sonra Avropa çempionatı ərəfəsində zədələnən oyunçu əsas komandaya ara-sıra çağırılıb. 2009-cu ildə isə Universiadanın finalında oynayıb.

Qeyd edək ki, bu gündən Bakıda təlim-məşq toplanışına başlayan “Lokomotiv”də İvananın transferi ilə toppaylayıcıların sayı 3-ə, yeni oyunçuların sayı 12-yə çatıb: İvana Derisilo (Serbiya), Karli Lloyd (ABŞ), Sarka Kubinova (Çexiya, (hər üçü toppaylayıcı)), Oksana Kiselyova, Ayşən Abduləzimova (hər ikisi Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya), Anita Havlikova (Çexiya) və Evangeliya Çantava (Yunanıstan).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR