Almaniya səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

Almaniya səfiri Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 19 noyabr 2015 08:03 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempeli qəbul edib. Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rektor qonağa ali məktəb haqqında məlumat verərək BANM-in 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını vurğulayıb.

Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini deyib.

Ali Məktəbin kampusu haqqında söz açan rektor yaxın aylarda tamamlama işlərinin başa çatacağını diqqətə çatdıraraq Azərbaycanda bütün komponentləri özündə əks etdirən yeganə kampus olacağını açıqlayıb. Kampusun layihəsi ilə səfiri tanış edən Elmar Qasımov orada tələbələr üçün yaradılan şəraitdən söz açaraq dünya səviyyəli Ali Məktəbin quruculuğunun həyata keçirildiyini nəzərə çatdırıb. BANM-in bir sıra şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Almaniyanın E.ON şirkəti ilə əlaqələrin qurulmasından söz açıb. Almaniyanın Axen Universitetinin prezidenti ilə bərpa olunan enerji mərkəzinin yaradılması ilə bağlı əməkdaşlıq haqqında müqavilə imzalandığını bildirib.

Səfir Haydrun Tempel səmimi qəbula görə öz təşəkkürünü bildirib. O, E.ON şirkəti ilə SOCAR arasında olan əməkdaşlıqdan danışıb. Bərpa olunan enerji ilə bağlı birgə layihələrin, o cümlədən konfransın həyata keçirilməsi təklifini irəli sürən səfir konfransın təşkilində əməkdaşlığa ümidini ifadə edib. O, həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Səfir Almaniya universitetlərində yüksək keyfiyyətli texniki proqramların olduğunu deyib.

O, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin gələcəkdə mühüm yer tutacağını bildirib.

BANM-də dinamizmin şahidi olduğunu deyən səfir DAAD (Alman Mübadilə Proqramı) xətti ilə almaniyalı mütəxəssislərin, ekspertlərin əməkdaşlığa sövq edilməsi və mövcud əlaqələrin davam etdirilməsinin faydalı olacağına əminliyini ifadə edib. O, BANM-in əməkdaşlarını öz ölkəsində keçirilən beynəlxalq seminar və konfranslara dəvət edib.

Sonda Elmar Qasımov səfiri BANM tələbələri üçün mühazirə oxumağa dəvət edib. Səfir bu təklifi məmnunluqla qəbul etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR