Səudiyyə Ərəbistanı Krallığının Milli günü münasibəti ilə Bakıda qəbul keçirilib

Səudiyyə Ərəbistanı Krallığının Milli günü münasibəti ilə Bakıda qəbul keçirilib
# 30 sentyabr 2015 06:45 (UTC +04:00)

APA-nın məlumatına görə, qəbul zamanı çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym 1932-ci il 23 sentyabr tarixində ölkəsinin Səudiyyə Ərəbistanı Krallığı altında birləşdiyini qeyd edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı dərin dini və tarixi köklərlə bağlı olduğu Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və hazırda iki ölkə əlaqələrin mühüm mərhələsini yaşayır: "İki ölkə arasında qarşılıqlı dostluq əlaqələri durmadan güclənir. İkitərəfli əlaqələrin inkişafına dair imzalanmış bir çox mühüm saziş xüsusən iqtisadi-ticarət və investisiya sahələrində münasibətləri inkişaf etdirib. Ölkəmiz Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də inkişaf etdirərək, islam və beynəlxalq təşkilatlar çərçivəsində onunla birgə əməkdaşlıq və səyləri koordinasiya edəcək”.

Daha sonra çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və ölkələr arasında mehriban dostluq və tərəfdaşlıq münasibətinin formalaşdığını qeyd edib: “İkitərəfli münasibətlərimizin inkişafı baxımından Müştərək Hökumətlərarası Komissiya böyük əhəmiyyət daşıyır. Komissiyanın Bakıda keçirilmiş son iclası çox məhsuldar olub. İnanıram ki, bu ilin noyabrında Səudiyyə Ərəbistanında keçiriləcək iclas da iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”.

Nazir bildirib ki, dövlət başçılarının müəyyən etdiyi siyasətə uyğun olaraq iki ölkə arasında əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR