ADA Universitetində 2015-ci il məzunlarının buraxılış mərasimi keçirilib

ADA Universitetində 2015-ci il məzunlarının buraxılış mərasimi keçirilib
# 21 may 2015 16:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün ADA Universitetində 2015-ci il məzunlarının buraxılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, ADA Universitetində təhsil alan 32 tələbə magistr dərəcəsi alıb.

32 tələbədən 20 nəfər ADA Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər (MADİA), 12 nəfər isə İctimai Siyasət (MPP) ixtisasından məzun olub. Bu ixtisas ADA Universitetinin İctimai Siyasət üzrə ilk məzun proqramıdır. MADİA proqramının məzunlarından 6-ı, MPP proqramının məzunlarından isə 4-ü əcnəbi tələbələrdir.

Budəfəki məzunlar arasında Keniya, Tanzaniya, Macarıstan, Argentina, Qana, Pakistan, Moldova və Türkmənistandan olan tələbələr var.

ADA Universiteti yarandığı gündən beşinci dəfə Diplomatiya və Beynəlxalq Münasibətlər, ilk dəfə olaraq isə İctimai Siyasət ixtisaslarının tələbələri məzun olublar.

ADA Universitetinin rektoru Hafiz Paşayev tədbirdə çıxış edərək bildirib ki, 2013-cü ildə universitetə qəbul olunan 55 tələbədən bu gün 32 tələbəyə diplom verilir: “Mən inanıram ki, sizin bilik və bacarıqlarınız gənc və demokratik ölkəmizdə aparılan quruculuq işlərində çox faydalı olacaq. ADA Universitetində oxumaq elə də asan iş deyil. Oxumaq istəyən üçün isə o qədər çətin deyil. Müəllimlər tələbələr haqda mənə xoş bir söz deyəndə, qürur hissi keçirirəm. ADA Universiteti öz nüfuzunu nəinki ölkədə, bütün dünyada artıracaq. Peşəkarlıq əsas məsələdir, vacib şərtdir. Biz iki gün əvvəl Bakıda baş verən faciəni nümunə gətirə bilərik. Şəxsi maraqları dövlət maraqlarından üstün tutmaq belə faciələrə gətirib çıxarır”.

H. Paşayev qeyd edib ki, Azərbaycan hökuməti vətəndaşların ölkə daxilində beynəlxalq səviyyəli təhsil almasına səy göstərir: “Sizin gələcəkdə quracağınız karyeranızda ADA Universitetinin məzunu olmağınız həlledici amil olacaq. Sizlər hökumətdə məsul vəzifələrdə, xarici ölkələrdə, dövlət orqanlarında çalışa biləcəksiniz”.

Tədbirdə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və məzunlar da çıxış ediblər.

Sonra məzunlara diplomlar təqdim olunub.

Tədbirdə Azərbaycandakı diplomatik nümayəndəliklərin, nazirliklərin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, 2015-ci il məzunlarının arasındakı xarici tələbələr ADA Universitetində Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilən Beynəlxalq Təqaüd Proqramı əsasında təhsil alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR