Sentyabrda Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Sentyabrda Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
# 09 iyul 2014 09:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sentyabrın sonunda Tallində Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov söyləyib.


T.Zülfüqarov bildirib ki, iclasın gündəliyi artıq bəllidir və toplantının faydalı olacağı gözlənilir. O, Azərbaycanda fəaliyyət göstərən “Asan Xidmət” mərkəzlərində bəzi informasiya kommunikasiya texnologiyaları (İKT) işlərinin Estoniyanın İT şirkətləri tərəfindən görüldüyünü də nəzərə çatdırıb.


Səfir iki ölkə arasında coğrafi baxımdan məsafə böyük olduğu üçün ticarət dövriyyəsinin də yüksək olmadığını qeyd edib: “Ancaq İKT, bank sahəsində əlaqələr inkişaf edir. Elmi əlaqələri də inkişaf etdirməyə çalışırıq”.


T.Zülfüqarov Azərbaycanın ilk diaspor təşkilatlarından birinin Estoniyada yarandığını xatırladıb: “Estoniyada 1000 nəfərdən bir az çox azərbaycanlı yaşayır. Ancaq azərbaycanlılar Estoniyada çox fəaldır. Estoniya Avropa Birliyində yeganə ölkədir ki, azərbaycanlı bu ölkədə parlament üzvüdür. Estoniya parlamentinin üzvü olan Eldar Əfəndiyev Estoniya-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verir. Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri də Eldar Əfəndiyevdir. Azərbaycanda keçirilən tədbirlərdə də Estoniya tərəfi aktiv iştirak edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR