Rövnəq Abdullayev Belçika şirkətlərini SOCAR-ın elan etdiyi tenderlərdə iştirak etməyə dəvət edib

Rövnəq Abdullayev Belçika şirkətlərini SOCAR-ın elan etdiyi tenderlərdə iştirak etməyə dəvət edib
# 30 aprel 2015 07:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Belçika Krallığı federal hökumətinin xarici ticarət üzrə dövlət katibi, baş nazirin keçmiş müavini və keçmiş müdafiə naziri Piter de Kremin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev qonaqlara SOCAR-ın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayıb.

P. de Kremer SOCAR-ın regionda həyata keçirdiyi layihələr haqqında məlumatlı olduqlarını və şirkətin bu istiqamətdə fəaliyyətini dəstəklədiklərini qeyd edib. O, Belçikada enerji sektorunda fəaliyyət göstərən və bu sektorla əməkdaşlıq edən çoxlu sayda şirkətin olduğunu, bu şirkətlərdən bir çoxunun hazırkı nümayəndə heyətində təmsil edildiklərini söyləyib.

Sonra P. de Kremer nümayəndə heyətinin üzvlərini SOCAR prezidentinə təqdim edib. Belçika şirkətlərinin təmsilçiləri Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirmiş, müxtəlif təkliflər səsləndiriblər.

R. Abdullayev Azərbaycanda xarici investisiyaların qorunduğunu və təşviq edildiyini, əməkdaşlıq üçün əlverişli mühitin olduğunu diqqətə çatdırıb və xarici sərmayələrin iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Sumqayıt Kimya Texnoparkı haqqında qonaqlara məlumat verib. O bildirib ki, bu layihələrin iştirakçılarına dövlət tərəfindən əhəmiyyətli güzəştlər edilir. R. Abdullayev Belçika şirkətlərini SOCAR-ın layihələri ilə bağlı elan olunan tenderlərdə iştiraka dəvət edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR