DSMF nümayəndələri Beynəlxalq Sosial Təminat Assosiasiyasının seminarında iştirak ediblər

DSMF nümayəndələri Beynəlxalq Sosial Təminat Assosiasiyasının seminarında iştirak ediblər
# 17 noyabr 2015 08:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) bu günlərdə Moskvada Avrasiya və digər ölkələrin sosial təminat təşkilatlarının rəhbərləri üçün seminar keçirib.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin Elmi Şurasının iclas zalında keçirilən və dünyada milli sosial təminat sistemlərinin inkişafının aktual problemlərinə həsr olunmuş tədbirdə DSMF-nin sədr müavini Zakir Babayev və sədrin müşaviri Yalçın Müslümov təmsil ediblər. Seminarın işində Rusiyanın, Qazaxıstanın, Bolqarıstanın, Polşanın sosial sığorta və pensiya qurumlarının rəhbərləri iştirak ediblər.

Seminarda rus dilində nəşr olunmuş “Beynəlxalq sosial təminat: sənədlər və şərhlər” adlı məcmuənin təqdimatı keçirilib və BSTA-nın Baş katibi X.Konkolevskinin “BSTA-nın Rəhbər tövsiyələrinin məqsəd və vəzifələri, habelə sosial təminatın idarə olunmasında standartların yüksəldilməsi üzrə BSTA mərkəzinin göstərdiyi xidmətlər haqqında” məruzəsi dinlənilib.

Qeyd olunan məcmuəyə Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları və tövsiyələri, BSTA-nın sosial təminat məsələləri üzrə rəhbər tövsiyələri daxil edilib. Kitabın BSTA-nın rəhbər tövsiyələri hissəsində “Vicdanlı idarəetmə”, “Xidmətin keyfiyyəti”, “İnformasiya-kommunikasiya texnologiyaları”, “Sosial sığorta haqlarının toplanması və ödəmə intizamının təmin edilməsi” kimi bölmələrində verilən tövsiyələr sosial (pensiya) fondların fəaliyyətlərinin təkmilləşdirilməsi işinə köməklik xarakteri daşıyır.

Seminarda həm də “Milli sosial təminat sistemləri: müasir çağırışlar və inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada sosial təminat sahəsində tanınmış alimlər və mütəxəssislər çıxış ediblər.

Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri BSTA-nın baş katibi X.Konkolevski, habelə Rusiya Pensiya Fondunun və Sosial Sığorta Fondunun rəhbərləri ilə keçirdikləri ikitərəfli görüşlərdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR